Eks-spiker Rəsul Quliyevlə əməkdaşlıq edən Füzuli Məmmədovun siyasi meydana gəlməsinin ŞOK TƏFƏRRÜATI

OXUNUB: 5069 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl

Azərbaycan ictimaiyyətində daha çox Frenk Elkaponi kimi tanınan Rusiya və İtaliyada biznesi olan Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzuli Məmmədovun uzun illərdən sonra birdən-birə Azərbaycanda peyda olması müxtəlif və müəmmalı suallar ortaya çıxartdı.

Bu iş adamı haqqında çox yazılıb, daha çox Rusiya mətbuatında. Varlı və xeyriyyəçi, hətta adı kriminal olaylarda hallanan bir şəxs kimi ictimaiyyətə təqdim olunub.

Hərbi xidməti başa vurduqdan sonra Rusiyada ticarətlə məşğul olan Məmmədov ildənilə var-dövlət sahibinə çevrilə bilib. "Reçnoy vokzal” metrostansiyası yaxınlığındakı kolxoz bazarında al-ver edib. Bu bazar Rusiyada daha çox narkotik al-verinə çevrilən məkan kimi tanınırdı. Qafqazlılar burada narkotiki kibrit qutularında satırdılar. Füzuli Məmmədovun da ilk iş təcrübəsini məhz buradan qazandığı söylənilir. Amma o, and içirdi ki, bu vaxta qədər əlində heroin belə tutmayıb...

Rusiya mətbuatının yazdığına görə, onun haqqında çoxlu ittihamlar söylənilib. Bu ittihamlar həqiqət də ola bilər.

Məsələn, Əliyev xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən sonra Məmmədovun Azərbaycan neftini Moskvada satması prosesinə nəzarət etmək arzusunda olduğu, məşhur mafioz Elkaponi ilə bağlı filmlərə baxıb ruhlanaraq, Siciliyaya gedib Elkaponi soyadlı bir qızla evlənib bu soyadı götürməsi, 1996-cı illərdə "obşak”dan 1,5 milyon dollar toplayıb Lotu Hikməti "Bayıl” həbsxanasından azad etmək üçün Bakıya gəlməsi, onun Türkiyənin agenti olması, Azərbaycan mallarının Rusiya ərazisində satılması prosesinə bütün nəzarəti öz əlinə almaq istəyini həyata keçirə bilməyərək aldanması və nəhayət sifarişlə həbsxanaya salınması...

Onun daha çox avantüra ilə məşqul olduğu qabardılır. Bununla bağlı Rusiya mətbuatında yetərincə yazlıb.

Məsələn, yazılır ki, Rusiya prezidenti Putinin Bakıya səfəri zamanı öz adamlarını Rusiya səfirliyinin qarşısına yığıb onu təmtaraqlı qarşılamasını planlaşdırıb. Lakin Bakı polisi buna icazə verməyib. Rusiyanın Azərbaycandakı səfiri isə Elkaponini qəbul etməkdən imtina edib.

Daha bir iddia onun eks-spiker Rəsul Quliyevlə əməkdaşlıq etmək fikrində olmasıdır. Hətta o planlaşdırmışdı ki, Azərbaycan səfirliyi önündə R.Quliyevin hüquqlarını qorumaq üçün bir piket təşkil etsin. Lakin R.Quliyev onun bu istəyinə soyuqqanlı yanaşıb və onu özündən uzaqlaşdırıb.

Elkaponi hələ həbsxanada olarkən oradan qurtarmaq üçün əl atdığı variantlardan birinin də Ayaz Mütəllibova yol axtarmaq olduğu yazılır. Lakin A.Mütəllibovun onun elçisini qəbul etmədiyi də söylənilir.

"Nezavisimaya qazeta”da F.Məmmədovun tapşırığı ilə "Frenk Fondu”nun vitse-prezidenti Andrey İvanov "Qüvvəyə məhkum olundular” bağlıqlı yazı dərc edib. Burada Əliyev hakimiyyəti təriflənir. O da söylənilir ki, bu yazının yazılması Məmmədova 7 min dollara başa gəlib.

... F.Məmmədov 1998-ci ildə Azərbaycanda parladı... Azərbaycanda "XXI əsr Azərbaycan" adlı partiyası və "Azərbaycan XXI ƏSR” adlı qəzetini nəşr etdirib. Qarşıya qoyduğu məqsədlərinə çata bilmədiyindən bütün fəaliyyətini dayandırdı və Azərbaycanı tərk etdi. Partiya və qəzetində çalışdığı bəzi insanların iki aylıq maaşını belə vermədi...

O, "Frenk Fondu” xeyriyyə təşkilatı yaratdı. Kasıb, aztəminatlı ailələrə, veteranlara xidmət göstərib. Özü də Rusiyanın böyük şəhərlərində, hətta Ukrayna və Belorusiyada, Efiopiya və Kubada isə filialları vardı.

2001-ci ildə həbs edildi, narkotik üstündə... İki ildən sonra ona qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmədiyindən azad edildi.

Rusiyada yaşayan postsovet sahibkarlarının hamisi rolunda çıxış edən Yuri Lujkovun vəzifədən gedişi bir çox biznesmenlər, o cümlədən F.Məmmədov üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. 2014-cü ildə Moskvadakı biznesini Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun vəzifədən getməsi göstərilirdi.

Belə ki, Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Onun obyektləri Moskva vergi departamenti tərəfindən davamlı yoxlamalara məruz qalıb, Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Onun Palermoda da ticarət obyektlərinin olduğu bildirilir.

İtaliyada biznes fəaliyyətini davam etdirən Fizuli Məmmədovun hazırda Rusiyada da müəyyən biznes əlaqələrinə malik olduğu deyilir.

Amma F.Məmmədov əvvəlki gücdə deyil. Onun Rusiyanın banklarına borcu olduğu da bildirilir. Belə bir şəraitdə onun Azərbaycana gəlib xeyriyyəçiliklə məşqul olmasının arxasında hansı məqamlar dayanır?

Düzdür, hər bir imkanlı azərbaycanlının xeyriyyəçilik missiyasını yerinə yetirməsi təqdirəlayiq və alqışlanmalı bir haldır. Amma siyasət və disapora quruculuğunda daha iştirak etməyəcəyini deyən F.Məmmədovun 90-cı illərin sonlarından sonra yenidən Azərbaycanda peyda olması…

Onun özü yerli saytlara verdiyi müsahibələrin birində deyib ki, 2007-ci ildən bu yana işlərinin çoxluqundan Azərbaycana gələ bilmir. Yəni 5 ildir ki, doğma vətəninə gəlmir.

Onu da xatırladaq ki, bir ara F.Məmmədov Almaniyada yaşayan soydaşımız, adı məlum qalmaqallarda hallanan Rəşad Xasayoğlunun təşəbbüsü və təklifiylə Dünya Azərbaycanlıları Assambleyasını yaradacaqdı. Lakin sonradan iki soydaşımızın yolları ayrıldı.

F.Məmmədov Azərbaycan mediasında Cocuq Mərcanlıya kömək məqsədilə 3 milyon manat vədi ilə gündəmə gəldi. Düzdür, bundan qabaq da ara-sıra saytlarımız ondan açıqlama və müsahibələr götürürdülər. Amma onun ulduzu bu vədlə parladı.

Prezident İlham Əliyevin 27 yanvar tarixində imzaladığı, erməni silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncamına dəstək olara F.Məmmədov Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.

Sitat: "Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. "Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq...”

Amma bu vəsaitin hara, hansı hesaba köşürüldüyü ilə bağlı bir məlumata belə rast gəlinmədi.

Yerli mətbuatımız yazdı: "Amma bir vaxtlar Frenk El Kapone kimi tanınan iş adamının vədləri elə boş vəd olaraq qaldı. Cocuq Mərcanlıda tikinti və yenidənqurma işlərinin sona çatmasına baxmayaraq, Fizuli Məmmədovdan hələ də səs çıxmayıb. Çoxları bunu bir vaxtlar siyasətdə qonaq olan iş adamının "xal qazanmaq” məqsədi güddüyünü bildirir ..”

Amma F.Məmmədovun öz vəsaitilə 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vuran Natiq Mehtiyevə Bakı şəhərində, Ülfət Həsənova isə Sumqayıt şəhərində ev alması xəbəri yerli mediada işıqlandırıldı. Bu da ona növbəti dvident gətirdi.

Maraqlıdır, uzun illərdən sonra yenidən onun Azərbaycana gəlib belə xeyriyyəçilik missiyası ilə məşğul olması, özü də prezident seçkisi öncəsi, kimin planıdır?
Çox güman ki, bu məsələdə hansısa dövlət qrumunun əli var. Yaxşı bir missiyadır, davamlı olarsa. Amma inanmaq çətindir ki, bu missiyanın arxasında şəxsi maraqlardansa, dövlət maraqları dayansın.

F.Məmmədov öz təşəbbüsü ilə bura gəlməyib, onu Azərbaycana gətirən qüvvə var, gəlişi razılaşdırılıb. Daha doğrusu, Məmmədov hansısa qüvvə qarşısında öhdəlik götürüb. Xeyriyyəçilik missiyası əvəzinə, Azərbaycanda hansısa şəxsi maraqlarının təmin olunmasına şərait yaratmaq... Çox güman ki, bu baş tutmayacaq. Çünki, arıtq 90-cı illərin nə əvvəlidir, nə də sonu. Ehtimal var ki, o qüvvə də öz istəyinə nail olandan sonra F.Məmmədovla əlaqəsini kəsəcək. F.Məmmədov yenidən aldanacaq.

Bir məqama da diqqət çəkək. F.Məmmədov yerli mətbuata verdiyi müsahibələrinin birində xaricdə yaşayan azərbaycanlılarla işi düzgün təşkil edə bilmədiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsini də sərt tənqid edib: "Rusiyada Azərbaycan diasporunun ilk qurucularından olan bir insan kimi, demək istəyirəm ki, bu komitə Azərbaycan diasporu üçün heç bir yaxşı iş görməyib. O, Azərbaycan xalqının maraqlarına xidmət etməlidir. Buna baxmayaraq, bu Dövlət Komitəsi diasporumuz üçün bağlıdır və biz onun nə işlə məşğul olduğunu aydın şəkildə bilmirik. Hər bir halda o, birləşdirici funksiyalarını yerinə yetirmir. Onun rəhbərliyi öz kreslolarında o qədər uzun müddət oturublar ki, onlar hətta öz başlıca vəzifələrini də unudublar. Komitəyə büdcədən çox böyük maliyyə vəsaiti ayrılır, lakin fəaliyyətinin heç bir müsbət nəticəsi yoxdur. Qeyri-effektiv fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə bu qədər iri büdcə ayırmaları lazım deyil, çünki öz fəaliyyəti ilə o, Azərbaycan hökumətini hörmətdən salır”.

"Unutmaq lazım deyil ki, Diasporla İş üzrə Dövlət Komitəsini Azərbaycanın ümummilli Lideri Heydər Əliyev yaradıb. O, diasporu "millətin qanadları” adlandırıb. Təəssüflər olsun ki, Komitə fəaliyyətində yüksək effektivliyini və nüfuzunu saxlaya bilmədi, biz onun Rusiyada Azərbaycan diasporunun möhkəmlənməsi və inkişafına yönəlmiş fəaliyyətini ümumiyyətlə görmürük”.

Amma o da məlumdur ki, diaspor rəhbərinin belə bir xeyriyyəçilik missiyasından və yaxud da onu həyata keçirmə prosesində, planından Diaspor Komitəsinin sədri Nazim İbrahimovun əvvəlcədən xəbəri olmasın. Görünür, F.Məmmədovla N.İbrahimov arasında bu kimi məsələlərdə isti münasibətlər yaranıb...

F.Məmmədovun adının əvvəllər hansı məqamlarda, kimlərlə hallanması artıq geridə qalıb. Amma bu gün onun xeyriyyəçilik missiyasının arxasında həqiqətən də dövlətinə, millətinə, xalqına dayaq, sədaqət, səmimiyyət durursa, bunu yalnız alqışlamaq və ona bu işdə kömək etmək borcumuzdur. Yox, hansısa məmurun müəmmalı və qaranlıq sifarişi yerinə yetirilirsə, bu missiyadan şəxsi maraqlar üçün istifadə edilirsə...

Ümid edək ki, F.Məmmədov bir daha Azərbaycanda tora salınmasın və 90-cı illərin sonlarında olduğu kimi Azərbaycandan aldanıb getməsin... /avrasiya.net

İCMAL.az

RƏYLƏR