Ekspert: "BNA üzərinə düşən öhədliyi yerinə yetirə bilmir, ləğv edilsin!"

OXUNUB: 1144 GÜNDƏM Özəl SOSİAL
"Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləyən və nəzarəti həyata keçirən publik hüquqi şəxs olsa da. təəssüf ki, üzərinə düşən öhədliyi yerinə yetirə bilmir. Piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etsə də nəqliyyat vasitələri ilə bağlı bunları deyə bilmərik".

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Rəşad Quliyev son günlər ləğv edilməsi ilə bağlı təkliflər irəli sürülən Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti və gördüyü işlər barədə danışarkən bildirib.

Ekspert qeyd edib ki, sərnişindaşıma dedikdə ölkəmizdə bu sahəyə nəzarətedici bir qurumun olmadığı qənaətinə gəlmək olar:

"İlk olaraq elektron avadanlıqlar barədə demək istəyirəm. Dayanacaqlarda elektron tablolar quraşdırıldı. Çox gözəl addımdır. Amma gəlin baxaq görək onlardan neçəsi düzgün işləyir və ya heç işləyirmi? Avtobuslarda gediş haqqının ödənilməsi də elektronlaşdırıldı. Barmaqla sayıla bilən avtobuslarda bu sistem işləyir. Ümumiyyətlə, sərnişin daşıma dedikdə ölkəmizdə bu sahəyə nəzarət edici bir qurumun olmadığı qənaətinə gəlmək olar. Halbuki bu sahəyə də nəzarəti BNA edir və ya edirmi? Çünki sərnişindaşıma şirkətləri ilə müqavilə bağlamaq və ya ləğv etmək məhz onların səlahiyyətindədir”.

R.Quliyev bildirib ki, yol hərəkətinin texniki vasitələr ilə təchiz edilməsi ilə bağlı tədbirlər demək olar yox dərəcəsindədir:

"Taksi minik avtomobilləri üçün duracaq yerlər müəyyən edilib. Bəs nəzarəti kim edəcək? İdarə etmək kimin səlahiyyətindədir? BNA-nın əlbəttə. Ancaq nəzarət və idarə sıfırdır. İndi də avtomobillərin yenidən evakuasiyası məsələsi gündəmə gəlib. BNA-nın nizamnaməsində fəaliyyət istiqaməti olaraq Avropa təcrübəsinin öyrənilməsi qeyd edilib. Ancaq qurum hələ də öz təcrübələrindən istifadə edir. Evakuasiyanın hansı hallarda edilməsi, evakuatorların nə işə yaradığını özləri müəyyənləşdirirlər. Avropanın böyük ölkələrindən biri Almaniyanı misal gətirmək istəyirəm. Qanunsuz park edilmiş avtomobil evakuasiya edilmir, əksinə üzərinə cərimə yazılır və sahibi məlumatlandırılır”.

Xarici təcrübədən danışan ekspert bildirib ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir:

"Avropada avtomobil parkı üçün sürücülərə yaxşı şərait yaradılıb. Yerləşmə nöqtələrindən asılı olaraq ilk 1-2 saat pulsuzdur. Ondan sonrakı saatlar isə artıq ödənişlidir. Sürücü park edərkən ön şüşənin üzərinə xüsusi hazırlanmış (hər yerdə satışdadır) xəbərdaredici kiçik saat lövhəsi qoyur və bununla da onun dayanma saatı müəyyənləşir. Evakuasiya isə yalnız nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətdikdə atılan bir addımdır. Ümumiyyətlə, BNA yarandığı gündən etibarən heç bir işin öhdəsindən gələ bilmir. Pandusların quraşdırılması müsbət hal olsa da dəmir dirəklər və daş bardürlər sürücülərin yaşadığı ən böyük maneələrdən biridir. Düşünürəm ki, bu qurumun mövcudluğu sadəcə artıq xərcdir”.
 
 
İcmal.Az

RƏYLƏR