Ekspert: Ermənistandakı seçkilərin nəticələri əhali arasında siyasi əhval-ruhiyyənin nikbin olmadığını göstərdi

OXUNUB: 365 Özəl SİYASƏT

Ermənistanda parlament seçkilərinin nəticələri əhali arasında siyasi əhval-ruhiyyənin nikbin olmadığını açıq büruzə verdi. Siyasi dəyişikliklər zamanı adətən əhalinin fəallığı yüksək olsa da, Ermənistanda bunun tam əksi müşahidə edildi. Seçki hüququna malik olan vətəndaşların yalnız 46,6 faizi səsvermədə iştirak etdi. Bu, onu göstərir ki, Nikol Paşinyanın ölkədə heç bir problemi həll edə bilməməsi, beynəlxalq aləmdə ənənəvi müttəfiqlərlə belə münasibətləri korlaması hər bir erməninin həyatına da mənfi təsirini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Nadir Şəfiyev bildirib.

Ekspert qeyd edib ki, seçkiqabağı prosesdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin bəyanatlar verən Nikol Paşinyan bu sahədə də səriştəsizlik və qərəz nümayiş etdirdi. Paşinyanın xalqla birgə yürüşdə iştirak etsə də, xalqdan biri olmadığını açıq şəkildə göstərdi. Odur ki, Sarkisyan-Koçaryan hakimiyyətinə etiraz əlaməti olaraq vaxtilə Paşinyana dəstək verən əhali artıq onu bu etimaddan məhrum edib. Seçkilərin nəticəsi də bu etimadsızlığı açıq büruzə verdi. Paşinyan ölkədə dəstəyə malik olduğunu göstərə bilmədi.

Ekspert beynəlxalq təşkilatların seçkilərdəki pozuntularla bağlı susqun mövqe nümayiş etdirməsinin yolverilməz olduğunu vurğulayıb. O deyib: "Beləliklə, Ermənistandakı seçkilərin nəticəsinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, gözlənildiyi kimi ciddi dəyişiklik yoxdur. Nə səsləndirilən ifadələr, nə siyasətin həyata keçirilməsi prinsipləri, nə də beynəlxalq aləmdəki erməni mövqeyi dəyişməyib. Bu ölkədə antidemokratik rejim, işğalçı siyasət və faşizm ideologiyası var”.

RƏYLƏR