“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Gənclər Fondunda yüksək bal toplayan gənclərlə görüş keçirdi

OXUNUB: 839 QHT

28 sentyabr 2018-ci il tarixində "Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilati dəstəyi ilə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirmişdir.

Qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov salamlayaraq Fondun gənclər üçün yaratdığı geniş imkanlar barədə məlumat vermiş, yüksək bal toplayan gəncləri Fondla sıx əməkdaşlıq etməyə dəvət etmiş və diqqətə çatdırmışdır ki, Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində beynəlxalq layihələr üçün açıq olan B kateqoriyasının prioritet istiqamətlərindən biri məhz Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı gənclər arasında təbliğat tədbirlərinin keçirilməsi mövzusu olmuşdur..

Tədbir zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin içtimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edərək, məhz daha yaxşı gələcək üçün insan kapitalının inkişafına savadlı, təhsilli gənclərin birbaşa təsir göstərəcəyini diqqətə çatdırmışdır.

"Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster "Ekspo 2025 Bakı” layihəsinin əsas texniki parametrlərinə dair xüsusi təqdimatla çıxış etmişdir. Təqdimatın sonunda qonaqlara "Ekspo 2025 Bakı” layihəsinin mövzusu –"İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” - haqqında video çarx nümayiş etdirilmişdir..

 

Sonda bir neçə tələbə çıxış edərək Gənclər Fonduna və "Ekspo 2025 Bakı” Əməliyyat katibliyinə görüş üçün təşəkkür etmişdir.


RƏYLƏR