Əl tutmaq Əlidən qalıb... ANAR RƏHİMOV Azərbaycan siyasətində ən çox eşitdiyimiz adlardan biri haqqında yazır

OXUNUB: 1215 KÖŞƏ Özəl SİYASƏT
İslam dünyası üçün imam Əli hər zaman qiptə olunası, həsəd aparılası şəxs olub. Hərçənd kiməsə qiptə, yaxud həsəd aparmaq həmin dünyanın qaydalarına görə məkruhdur, yəni bəyənilmir, amma əksər ibadət əhlinin kumiri Əli olub. Rukuda belə nəzir verib, əl tutduğuna görə "əl tutmaq Əlidən qalıb". Ümumiyyətlə Əli adı həmişə xüsusi çəkiyə malik olub. Boks aləminin əfsanəsi, qaradərililərin hüquqlarının müdafiəsi naminə çalışmış Məhəmməd Əli də əsrlər sonraya aid populyar və sevilən Əli idi. Onun da əl tutduqları az olmayıb. Erməni işğalına qarşı vuruşub, yaralıları xilas edib, şəhid olmuş milli qəhrəmanımız Əli Məmmədovu da unutmaq olmaz. Sonrakı tanınan Əlilərimizin 98 faizi milli təhlükəsizliyimiz,  ölkədaxili və xarici inkişafımız və əhalinin rifahı üçün çalışıb. 98-dəki qalan iki faizdən də danışacam. Öncəliklə yüksək təyinatlı Əlilərdən bəhs edək.  Uzun illər nazir olmuş Əli Abbasov, hazırda baş nazirin müavini olan Əli Əhmədov, yeni baş nazir təyin olunmuş Əli Əsədov, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyev, uzun illər baş nazir müavini olmuş Əli Həsənov, ötən həftəyəcən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş digər Əli Həsənov və başqaları. Bu Əlilərin bəziləri, hələ də iş başındadır, bir qismi də istefada. Kimlərsə indi deyir ki, "Əli aşından da olduq, Vəli aşından da"!
İndi gələk bayaqkı faizin 100 olmağına imkan verməyən iki Əliyə. Bu Əlilərdən biri mərdiməzarlığı ilə çoxdan tanınır. Əlbəttə - Əli Kərimli! Özünə müxalifət deyib, etiraz çadrasına bürünüb, qərbdən pul dilənən Əli! Onun havadarları ianə və qrant ayırır ki, sürətli inkişaf edib, intensiv islahatlar reallaşdıran Azərbaycan büdrəsin. Bu Əlinin isə ideologiyasının əsasını valyuta təşkil etdiyindən ay Qarabağ, ay Azərbaycanın beynəlxalq uğuru, ay gözəlləşən ölkəmiz, artan nüfuzumuz, ay və s. və ilaxır  buna maraqlı deyil. Əl tutmaq o Əlidən qalmışdısa, xainlərə əl açmaq da bu Əlidən qalıb. İkinci Əli isə, bir zamanlar Səhiyyə naziri olmuş, sonralar həbsxanada kriminal nüfuz əldə etmiş, əfv fərmanına düşüb, siyasətə gəlməyi qərara almış Əli İnsanovdur. Hətta partiya da yaradıb - Haqq Ədalət Partiyası, yəni HƏP. Həp böyle yapıyorlar, arkadaş. Bu Əliyə dövlət əl uzadıb, qazamatdan çıxartdı, əfv eləyib, əl tutdu, yaxşılığı bu Əli də unutdu! Axı , "Əlini mənə bəsdərəcək, yox-yox mən səndən küsdərəcək" söhbətinin yeri deyildi. Xalq ölkə başçımızın uzaqgörən addımlarının nəticələrini gördükcə, bəhrəsini yaşam tərzlərində duyduqca onun apardığı islahatları dəstəkləyir, təyinatlarına daha çox inanır. Odur ki, xalqa, dövlətçilik və müstəqilliyimizə əl tutmaq ulu öndər Heydər Əliyevdən qalıb, prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

RƏYLƏR