Eldar Mahmudov yenidən bandit dəstələri yarada bilər - İddia

OXUNUB: 551 HADİSƏ
"MTN çetesi”nin ifşasının 4-cü ili yaxınlaşır. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı, onun komandasının 20-dən çox üzvü həbsə alındılar. Eldar Mahmudovun və dəstəsinin MTN-də (ləğv edilib) hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.
Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. MTN çetesi ifşa olunandan sonra məlum olmuşdu ki, Mahmudovun dəstəsi nazirliklərə öz adamlarını yerləşdirib, onlarla "qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edib, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxıblar.

Eldar Mahmudovun özünü ayaqda tutmaq üçün bu gün də eyni üsuallardan istifadə etməsi haqda xəbərlər yayılır. Bu günə qədər təkzib olunmayan məlumatlara görə E.Mahmudov işdən çıxarılandan az sonra tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. 

Gələn məlumatda deyilir ki, Eldar Mahmudov ötən yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddialar var. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Eldar Mahmudovun və ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Yada salaq ki, sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri "Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər iki şəxs 4 ilə yaxındır ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də ələ keçməyiblər. Eldar Mahmudovun özünün həbs ediləcəyi də artıq inandırıcı deyil.

Sabiq nazirin əlindəki kompromatlardan istifadə edərək özünü və ətrafını qoruya bilməsi, materiallarının çox hissəsinin xaricə transfer etməyi bacarması haqda bilgilərə münasibət bildirən "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Eldar Mahmudov məsələsi son dərəcə ibrətamiz, çox maraqlı, son illər ölkə həyatında baş verən ən qəribə olaydır: "Bu adamın illərdir ki, həbs edilməsi mümkün olmur. Düzdür, 3-4 dəfə çağırıb dindiriblər, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən fotolarını yayıblar, amma bütün bunlar Eldar Mahmudovun hələ də güclü fiqur olaraq qaldığını təsdiq etməkdən başqa bir işə yaramayıb”.

Ə.Zeynallı hesab edir ki, Eldar Mahmudovu qoruyan nələrsə və ya kimlərsə var. Bu faktorlar isə o qədər güclüdür ki, Eldar Mahmudov rahatca əlini-qolunu sallaya-sallaya gəzir: "Onun rəhbər vəzifədə olduğu dövrdə onlarla insan həbs olunub, onlarla insanların həyatları qaraldılıb. Günahsız insanlar həbsxanalarda yatıblar. Eldar Mahmudova bütün bunlardan sonra dəyib-dolaşan yoxdur, arxayın şəkildə gəzir. Əlində böyük maliyyə resursları olan,  geniş əlaqələri və ailəsi xaricdə olan biri çox rahatlıqla ölkədən istədikləri kompromatları, xəbərləri çıxara, ötürə bilərlər. Niyə də bunu etməsinlər ki?”

Əvəz Zeynallı deyir ki, bu gün Eldar Mahmudovun qulluğunda onlarla adam var: "Maddi imkanları kifayət qədər yetərlidir, ailəsi xaricdədir. Oğlunun xaricdə geniş əlaqələri var, biznesi də davam edir. Yəni Eldar Mahmudovun istədiyi işi görmək kimi imkanları var. O, istənilən kompomat materialları xaricə çıxarmaq iqtidarındadır. Özü haqda gələn məlumatlardan da belə aydın olur ki, Eldar Mahmudov çox rahatdır, xeyrə, şərə, yemək-içmək məclislərinə qatılır”.

Əvəz Zeynallı deyir ki, tarixdə ilk dəfədir ki, bir xəfiyyə qurumu bütövlükdə mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib, komandasının həbs olunan üzvlərini belə azadlığa çıxarmağa bacarıb: "Mahmudovun vaxtında Milli Təhlükəsizlik Nazirliyi o dərəcədə cinayətə bulaşmışdı ki, qurumun ümumiyyətlə ləğvinə qərar verildi, həmin o mütəşəkkil cinayətkar dəstəni təməlindən dağıtmaq istədi. Həmin o mütəşəkkil dəstənin də başçısı general-polkovnik Eldar Mahmudov idi. O nə qədər azadlıqda olacaqsa, istədiyi kimi hərəkətlər edəcək, xaricə məlumat da ötürəcək, həbsə alınan adamlarını da həmin komprmateriallardan istifadə etməklə azadlığa buraxdıra biləcək. 

Yaxınlarda Akif Çovdarovun da azadlığa çıxacağı gözlənilir. O da artıq nüfuz etməyə başlayıb. Özü haqda mediaya xəbərlər ötürür. 1 il ötməz ki, Eldar Mahmudovun komanda üzvlərinin hər biri azadlıqda olar və xarici filmlərdə olduğu kimi bandit dəstələri yaradıb fəaliyyətə başlayarlar. Əllərindəki imkanlar bunu deməyə əsas verir”.

Əvəz Zeynallı Eldar Mahmudovun ölkədən çıxardığı komprmaterialları xaricdə kimlərə ötürə biləcəyi haqda bunları deyib: "Qudası Zamirə Hacıyeva illər öncə, Hacı Məmmədovun girovluğundan sonra İngiltərəyə köçüb. Orada illərlə yaşayıb. Ümumiyyətlə isə bunların uşaqları Azərbaycan təhsili belə almayıblar. Orada uşaq böyüdüblər, oxudublar, evləndiriblər. Düzdür, hazırda Zamirə Hacıyevanın başı qaldadır. Onu məhkəməyə çəkiblər, hərəkət məhdudiyyəti tətbiq olunub. Amma bu gün Eldar Mahmudovun Zamirə Hacıyeva kimi xaricdə onlarla inandığı, etibar etdiyi adamlar var. Yəni onun xaricdə ”zamirələri" çoxdur və hansına istəsə ona komprmaterial ötürə bilər. Buna kifayət qədər imkanları da var. İstədiyi zaman da həmin materialların hərəkətliliyini təmin edər".

Ə.Zeynallı ehtimal edir ki, Eldar Mahmudovu qoruyan əlində olan kompramat bankıdır: "Eldar Mahmudov vəzifədə olanda da, işdən çıxarıldığı ötən 4 il ərzində də ölkədən istədiyi qədər material çıxara bilərdi. Bütün bunların nəticəsidir ki, o, ayaqda qala bilib”.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib qandallamışdılar. C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Zamirə Hacıyevanın 10 il ərzində Londondakı bahalı mağazalarda 21 milyon dollardan artıq pul xərcləməsindən dolayı da araşdırmalar davam edir.

Ləğv olunmuş MTN-in həbsə alınan yüksək vəzifəli şəxslərinin bir qismi barəsində ittihamedici hökmlər çıxarılıb cəza təyin olunsa da, artıq azadlıqdadırlar. Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar.

İcmal.Az

RƏYLƏR