Eldar Mahmudovun daha bir ortağı vəzifə izində - Akim Bədəlov gözünü hansı kresloya dikib?

OXUNUB: 3477 Özəl HADİSƏ
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun sabiq MTN şefi Eldar Mahmudovla yaxınlığı haqda çox yazılıb.

Reportyor.info xatırladır ki, A.Bədəlovun bacısı oğlu Pərviz Vəliyev E.Mahmudovun zamanında MTN-in Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı üzrə idarəsinin rəisi işləyib. MTN polkovniki olan P.Vəliyevin qardaşı, yəni A.Bədəlovun digər bacısı oğlu agentliyin nəzdindəki "Azalternativenerji” MMC-nin direktoru Rizvan Vəliyevlə birgə E.Mahmudovla işbirliyinə getməsi haqda məlumatlar təəssüf ki, hələ də araşdırılmamış qalmaqdadır. Bir sıra məlumatlarda hətta qeyd edilir ki, sabiq milli təhlükəsizlik nazirinin himayəsi altında dayı-bacıoğlu R.Vəliyevlə A.Bədəlov böyük dövlət sifarişlərini "alaraq” milyonlarla vəsaiti büdcədən yayındırmağa müvəffəq olublar.

Lakin E.Mahmudov vəzifədən çıxarılsa və bir sıra ortaqları haqda müvafiq tədbirlər görülsə də, nədənsə A.Bədəlov hələ də vəzifədədir. Hətta nəinki vəzifədədir, üstəlik, onun başqa vəzifəyə keçəcəyi haqda reportyor.info-ya məlumat daxil olub. Bildirilir ki, A.Bədəlov "Bakı Metropoliteni” QSC-yə sədr getmək iddiasındadır. Belə ki, QSC-nin sədri Zaur Hüseynovun bu günlərdə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilərək "Azərenerji” ASC-yə sədr təyin edilən "Azərişıq” şefi Baba Rzayevin yerinə təyin olunacağı, A.Bədəlovun isə onu "Bakı Metropoliteni” QSC-də əvəzləməyə hazırlaşdığı bildirilir. Məlumatlı mənbənin redaksiyamıza verdiyi xəbərdə həmçinin o da vurğulanır ki, A.Bədəlovun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətdə müsbət rəy yaradılmağa çalışılır: "Quruma informasiya siyasətinə məsul şəxs təyin edilib, tez-tez görülən (əslində görülməyən-red.) işlərin xəbərləri yayılır. Hər vəchlə çalışılır ki, A.Bədəlovun işləyən məmur obrazı yaradılsın. Bütün bunlar isə deməyə əsas verir ki, təmsil olunduğu sahədə indiyədək heç bir müsbət işi ilə yadda qalmayan daha bir məmur yüksək vəzifəyə iddialıdır”. Qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

RƏYLƏR