Əli Əhmədov YAP üzvlərini aksiyaya çağırdı - "Maaşımın yarısı Ordunun Yardım Fonduna köçürülsün"

OXUNUB: 504 index-manşet

Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov YAP üzvlərini aksiyaya çağırıb.

 

 Ə.Əhmədov, AXCP sədri Əli Kərimli və digər müxalifət funksionerlərinin xeyriyyə marafonuna cavab olaraq maaşının 50 faizinin Silahlı Qüvvələrin Yardım Fonduna köçürülməsi ilə bağlı feysbuk üzərindən müraciət yayıb: 

 

"Xəbərlər yayılıb ki, müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir. 


Əvvəla, törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir.


İkincisi isə, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm.


Gəlin Ordumuza dəstək olaq".

 

 

 


 

 

 

 
 
İcmal.Az

RƏYLƏR