Əli Həsənov: "Azərbaycan qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir"

OXUNUB: 132 SİYASƏT
Bu gün Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilir.


İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər dövlət rəsmiləri, millət vəkilləri və xarici qonaqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan E.Süleymanova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət, hərtərəfli islahatlar ölkəmizdə insan hüquqlarının qorunması sahəsində də öz səmərəli nəticəsini verir: "Azərbaycanda sabitlik mövcuddur, insan hüquqları tam təmin olunur".

E.Süleymanova bildirib ki, Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunədir.

Ombudsman qeyd edib ki, Azərbaycanda sistemli, planlı şəkildə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və digər dövlət proqramları BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı ilə həmahəngdir və ölkəmizin hərtərəfli inkişafına xidmət edir.

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir:

"Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı".

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinə konseptual baxımdan qiymət verən Ə.Həsənov bu dövrü "fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. O əlavə edib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.

Ə.Həsənov vurğulayıb ki, bu dövr Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır: "İlk növbədə, yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyona qədər qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir".

Prezidentin köməkçisi həmçinin bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb:

"Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, davamlı inkişaf məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib".

Ə.Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır: "Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur".

Daha sonra çıxış edən B.Muradova bildirib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin təməl prinsiplərini artıq yaradıb. Vitse-spiker qeyd edib ki, insanların hüquq bərabərliyi ölkə Konstitusiyasında təsbit olunub.

B.Muradova vurğulayıb ki, insanlar üçün layiqli həyat təmin edilməsi bütün ölkələr qarşısında duran ən önəmli vəzifədir:

"Harada yaşamasından asılı olmayaraq, bütün insanlar layiqli həyat yaşamaq istəyirlər. Ancaq bütün bunlar üçün təhlükəsiz şərat, sülh olmalıdır. Bugünkü beynəlxalq durumu nəzərə alsaq, qarşımızda qoyulan məqsədlərin həyata keçirilməsi üçün böyük təhdidlər var”.

B.Muradova qeyd edib ki, dövlətlərin, beynəlxalq təşkilatların sülh və sabitliyi təmin etmək öhdəliyi var:

"Ancaq dünyada ziddiyətli vəziyyət mövcuddur. Azərbaycan dövləti həm regional, həm də beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edir. Baxmayaraq ki, ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb, eyni zamanda, bununla bağlı haqsızlıqla üz-üzə qalıb, dövlətimiz öz mövqeyindən geri dönməyib və bütün dünya dövlətlərini beynəlxalq hüquqa əməl etməyə çağırıb”.

RƏYLƏR