Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)

OXUNUB: 207 Özəl GÜNDƏM SİYASƏT
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin 7NEWS.az-a verdiyi müsahibəni təqdim edirik.

Elşən müəllim, dünən Amerikanın dövlət başçısı Co Bayden Azərbaycan Prezidentini bayram münasibəti ilə təbrik etdi. Amma nə qəribədir ki, təbrikin yetərincə pozitiv mətnli olmasına rəğmən ölkənin radikal müxalifəti yenə də hansısa cümləni kontekstdən çıxardı, bir əmma tapdı və bu təbriki çağırış kimi yozdu. Sizcə səbəb nədir? Niyə radikal müxalifət bütün işıqlı, xoşməramlı hadisələrə qara eynəklə baxır?

Azərbaycanın radikal müxalifəti rəzil durumdadır. Bata biləcəkləri qədər də batıblar və bundan o tərəfəsi yoxdur. Ona görə də hər şeydə bir əmma axtarırlar. Həmin təbrik məktubunu mən də oxudum. Əvvəldən sona qədər sizin də söylədiyiniz kimi xoşməramlı ruhdadır və Azərbaycanla əməkdaşlığın Amerika üçün nə qədər böyük önəm daşımasından xəbər verir. Eyni zamanda bu təbrikdə gələcək perspektivlərin, qarşılıqlı, xoş münasibətlərin daha da inkişafetdirilməsinin müjdəsi verilir. Reallıq da budur ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın nüfuzu daha da artıb, bölgədəki mövqelərimiz güclənib. Həmin gücün, nüfuzun əsas səbəbi isə Müzəffər Ali Baş Komandanımızın, Liderimizin yürütdüyüdüzgün, məqsədyönlü və uğurlu siyasətdir. Radikal müxalifətə gəlincə isə, bir daha söyləmək istəyirəm: Onların dövrü bitib. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi siyasi ridumentlər artıq tarixin arxivinə gömülüb və onar bir də heç bir zaman cəmiyyət, xalq tərəfindən ciddiyə alınmayacaqlar.

Amma yenə aksiyalar haqda anonslar verirlər...

Onların həyatı elə anons verməklə keçib.

Bu yaxınlarda Gültəkin Hacıbəyli ilə Qənimət Zahid sizi "Azərbaycan saatı” verilişində xeyli müzakirə etdilər. Təbii, qaranızca danışaraq.

Baxmamışam o verilişə. Dostlar dedi. Amma özüm baxmadım. Allahın bədbəxtləridir. Nə qədər istəyirlər danışsınlar. Onların bir komluq sözü bizlər üçün heç milçək vızıltısı effektində də deyil.

Əli Kərimli və onun dəstəsi müxalifət partiyalarının siyasi dialoqda iştirakını da tənə ilə qarşılayırlar.

Bilirsinizmi niyə? Çünki Əli Kərimli və onun "kafa”sında olanlar heç bir zaman sivil münasibətlərin nə olduğunu bilməyiblər. Elə ona görə də adlarını qaraguruh qoymuşuq. Elə ona görə bu vəziyyətdədirlər. Oysa, siyasi dialoq əslində fikir mübadiləsinin ən gözəl üslubudur. Həmin Əli Kərimli Vətən Müharibəsinin gedişində siyasi partiyaların ümumi bəyanatına belə imza atmadı. Bu ki, dialoq deyildi, vətən naminə birlik idi. Bəs orda niyə iştirak etmədi? Əli Kərimli özünü azərbaycanlı hesab etmirmi? Nə məntiqdir bu? Nə təkəbbürdür bu? Və indi də deyir ki, müxalifət partiyaları niyə siyasi dialoqda iştirak edir. Yaxşı edib iştirak edirik. Sən kimsən ki, bizə məsləhət verəsən, yön, yol göstərəsən? Hamının öz qərarı var. Üstəlik, bir daha deyirəm: həmin dialoqda kimsə bizə təkliflər vermir, təklifləri biz veririk, fikirlərimizi bölüşürük, razı və ya narazı olduğumuz məqamları söyləyirik. Burada qəbahət olan nə var ki?

Elşən müəllim, mövzunun istiqamətini bir az dəyişək: Milli Məclisin Komitələri Şuşada iclaslar keçirir. Bildiyim qədər siz də orada iştirak etmisiz. Təəssüratlarınızı bilmək maraqlı olardı.

Şuşada olmaq çox qəribə hissdir. İşğaldan azad olunandan sonra iki dəfə olmuşam bu müqəddəs məkanda. Sözlə təsvir olunası hisslər deyil. Şuşa möhtəşəmdir. Şuşanın aurası tam başqadır. Şuşa həqiqətən bizim ürəyimizin sütunudur. Getdik və iclasımızı keçirdik. Bu yəqin ki, indiyə qədər keçirilən iclasların ən gözəli idi.

Milli Məclisdən söhbət düşmüşkən. Bir neçə gün öncə Milli Məclisin Aparatina 33 yaşlı gənc kadr Fərid Hacıyev rəhbər təyin edildi. Bu barədə də fikirlərinizi bölüşmənizi istərdik.

Mən 2009-cu ildən 2015-ci ilə qədər Milli Məclisin Aparatında çalışmışam. Elə Fərid Hacıyevin də Milli Məclisdə fəaliyyətə başlaması təxminən o vaxtlara təsadüf edir. Və xüsusi bir məqamı vurğulayım ki, bərabər fəaliyyətimiz dövründə biz Fərid müəllimlə sadəcə iş yoldaşı deyil, həm də çox möhkəm dost olmuşuq. Bu səbəbdən də onu ilk təbrik edənlərdən və uğuruna ən çox sevinənlərdən biri heç şübhəsiz ki, mən oldum. Şəxsi haqqında isə bunu deyə bilərəm: Fərid müəllim gənc yaşında olmasına rəğmən yetərincə hazırlıqlı, savadlı və peşəkar kadrdır. O, həm də fitri isdedaddır və çox müdrik xarakterə sahibdir. Bu yaşda müdriklik isə hər insana nəsib olmur. Həqiqətən, lap çox sevnirəm onun uğuruna. Həm layiq olduğu üçün, həm də əzizim, doğmam, dostum, qardaşım hesab etdiyim üçün. Fərid Hacıyev bu etimadı doğruldacaq. Buna bir tək mən yox, hər kəs əmindir. Üstəlik, seyr etdiyim bir məqamı da istərdim sizlərlə bölüşüm: Milli Məclisin Aparatında hər kəs Fərid müəllimin xətrini çox istəyir. Ona görə bu təyinat əməkdaşların da xüsusi sevincinə səbəb olub. Mən bir daha sizin sayt vasitəsilə əziz dostumu, işinin peşəkarı olan Fərid Hacıyevi yeni vəzifəyə təyin olunması münasibəti ilə ürəkdən təbrik edirəm və ona gələcək fəaliyyətində sonsuz uğurlar arzulayıram.

Müsahibəyəgörə təşəkkür edirəm.

Mən təşəkkür edirəm. Çox sağ olun.

Mənsur Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7

RƏYLƏR