Elxan Şahinoğlu: “Azərbaycanın istənilən dövlətlə ikitərəfli münasibətləri, üçüncü tərəfə qarşı deyil”

OXUNUB: 891 GÜNDƏM SİYASƏT

Prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib. Real siyasətdə Azərbaycan İsraillə böyük strateji əlaqələr qura bilib, Fələstinlə isə elə də böyük münasibətlərimiz yoxdur. Fələstinlə Azərbaycanın yaxınlaşması İsraillə əlaqələrimizə xələl gətirə bilərmi?

 

Məsələ ilə bağlı İcmal.Az-a açıqlama verən Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçirilir: "Azərbaycana tək Fələstindən yox, bir çox ölkənin dövlət rəsmiləri tədbirə təşrif buyurublar. Hətta, Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Azərbaycana gəlib. Dünən Ri Yon-honun Azərbaycana səfəri elə formada təqdim olunub ki, sanki Şimali Koreyanın xarici işlər naziri Ri Yon-ho ayrılıqda Bakıya səfər edib. Əslində onların hamısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək iclasına qatılmaq üçün Azərbaycana səfər ediblər. Məhz toplantı çərçivəsində Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmiləri ilə bu cür görüşlər keçirilir. Fələstin rəsmisi ilə görüş isə İsrail və Azərbaycan arasındakı qarşılıqlı, çoxşaxəli münasibətlərə təsir etmir. Çünki Azərbaycanın istənilən dövlətlə ikitərəfli münasibətləri, üçüncü tərəfə qarşı deyil. Ola bilsin ki, Azərbaycan-İsrail münasibətləri İranı narahat edir. Amma bu İrana qarşı deyil. Necə ki, İran-Azərbaycan münasibətləri İsrailə qarşı olmadığı kimi. Azərbaycan müsəlman ölkəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu, çərçivədə Azərbaycan Fələstin məsələsini dəstəkləyir. Bu, obyektiv bir yanaşmadır. Buna görə İsraillin Azərbaycana qarşı siyasəti dəyişməz. Çünki İsrail mövcud reallıqları anlayır”.

 

 

Elxan Şahinoğlu Qarabağ müharibəsində fələstinlilərin muzdlu olaraq Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri məsələsinə də aydınlıq gətirərək bildirib ki, bununla bağlı faktlar var: "Bundan başqa İsrail Knessetində (Parlament) ara-sıra qondarma "erməni soyqırımı” ilə bağlı qanun layihəsini gündəmə gətirənlərin içərisində ərəb mənşəli millət vəkilləri də var ki, bu da təəssüf doğurur. 70-ci illərdə fələstinin müxtəlif qruplaşmaları Suriyada yerləşən Ermənistan ASALA terror təşkilatı ilə əməkdaşlıq ediblər. Amma bu bizə əsas vermir ki, Fələstinlə münasibətdə bir soyuqluq yaşansın”.

 

Xatırladaq ki, ASALA rəhbəri A.Akopyan Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olub və FAT ASALA-nın bir qolunu maliyyələşdirib.

 

İcmal.Az

RƏYLƏR