“Əmrahbank”ın aldatdığı 77 yaşlı rus qadın İlham Əliyevə müraciət etdi - MƏTN

OXUNUB: 943 Özəl İQTİSADİYYAT
"Əmrahbank”ın vəzifəli şəxsləri tərəfindən dələduzluğa məruz qaldığını və külli miqdarda pulunun mənimsənildiyini iddia edən 77 yaşlı Azərbaycan vətəndaşı Qalina Burlaçuk Aleksandrovna prezident İlham Əliyevə müraciət edib. 

BakuPost.az olaraq daha əvvəl də "Əmrahbank”da başına gətirilənlərlə bağlı material yayımladığımız yaşlı qadının ölkə başçısına müraciətini təqdim edirik:
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli cənab prezident!
 
Mən 11 il müddətində "Əmrahbank”ın qeyri-qanuni fəaliyyətindən zərər çəkmiş biri olaraq bildirmək istəyirəm ki,  sözügedən bank tərəfindən mənim pul vəsaitimin mənimsənilməsi ilə bağlı Respublikanın icra və qanunvericilik orqanları və digər aidiyyəti orqanlara müraciət etmişəm. 
 
Lakin Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Mehman Hümbətov 2018-ci ilin may ayından bəri mənim şikayətlərim üzrə cinayət işlərinə heç bir hüquqi reaksiya vermir. Mən və mənim vəkilim sözügedən adamdan cinayət işinin istintaqının dayandırılması və ya davam etdirilməsi ilə bağlı məlumat ala bilmirik. 
 
Mənim apelyasiya şikayətlərim qanunun tələblərinə və Cinayət Prosessual Məcəllənin normalarına zidd olaraq yoxlanılmır. Əksinə, qanunu pozan insanın özünə baxılmaq üçün göndərilir. O isə cəzasız qalacağından əmin olduğu üçün işlə maraqlanmır, hətta mənim yazılı müraciətlərimə belə cavab vermir.
Beləliklə də, mən onun qanunsuz hərəkətlərinə qarşı etiraz etmək üçün konstitusion hüququmdan məhrum oluram. 
 
Eyni zamanda mənim baş prokurora müraciətlərim də cavabsız qalır. 
 
Siz Azərbaycan Respublikasının Prezidenti kimi vətəndaşların konstitusiya ilə qorunan haqlarının müdafiəçisisiniz. Mən də tənha, köməksiz, dul, 77 yaşlı Azərbaycan vətəndaşı kimi haqlarımın müdafiəsində dayanmağınızı xahiş edirəm. 
Hörmət və ümidlə Burlaçuk Qalina Aleksandrovna”.
 
İcmal.Az

RƏYLƏR