ENAKTUS PROQRAMININ ÖLKƏ RƏHBƏRLƏRİ BAKIDA SƏFƏRDƏDİR

OXUNUB: 589 SOSİAL
Dünyanın 35 ölkəsinin 100 mindən çox tələbəsini bir araya gətirən və dünya gənclərinin sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparıcı təşkilat sayılan Enaktus platformasının ölkələr üzrə proqram rəhbərləri Bakıda keçirilən "Enactus – Network Leadership Summit 2022” beynəlxalq tədbirində iştirak etmək məqsədilə ölkəmizə gəliblər.

Enaktus platformasına üzv olan 25 ölkənin 60-dan çox üzvünün iştirak etdiyi "Network Leadership Summit 2022” tədbiri fevralın 25-dən martın 1-dək Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının və Gənclərin Maariflənməsinə Dəstək ictimai birliyinin tərəfdaşlığı, "BP” və "PwC Azerbaijan” şirkətlərinin sponsorluğu ilə baş tutub. Tədbirinin gündəliyi üzv ölkələrin proqram rəhbərlərinin ötən müddət ərzindəki fəaliyyəti, 2023-2025-ci illər üzrə mümkün tədbirlər planı və növbəti dünya kuboku müsabiqəsinin müzakirə edilməsinə həsr edilib.

Tədbir çərçivəsində tələbələrin və akademik təsisatların iştirakçılığının artırılması, Enaktus proqramı nəzdində həyata keçirilən fəaliyyətlərin işıqlandırılması, sosial sahibkarlığın təşviqi, şəbəkələşmə və birgə fəaliyyətin xüsusiyyətlərinə dair seminarlar təşkil olunub.

Zirvə toplantısında üzv ölkələrin nümayəndələri ilə yanaşı təşkilatın prezidenti Robin Ferman, təşkilatın vitse-prezidentləri, eləcə də Enaktus Baş ofisinin əməkdaşları iştirak ediblər.

Cənubi Qafqaz regionunda ilk dəfə Bakının ev sahibliyi etdiyi "Network Leadership Summit 2022” tədbirinin bağlanış mərasimində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, KOBİA-nın idarə heyətinin sədrinin birinci müavini Natiq Həsənov, "BP”-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "PwC Azerbaijan” şirkətinin partnyoru Fəxri Mustafayev iştirak ediblər.

Qeyd edək ki, təşkilatın Cənubi Qafqaz regionu üzrə yeganə komandası – "Enaktus Azərbaycan”, 2022-ci ildə Puerto Rikoda baş tutacaq dünya kubokunda iştirak edəcək.

RƏYLƏR