"Ərim əməliyyat zamanı ölmüşdü, pulu qaytarmamaq üçün səhərə kimi saxladılar" -Baku Medical Plazadan ŞİKAYƏT - FOTO

OXUNUB: 2684 GÜNDƏM Önəmli HADİSƏ

Laçından olan məcburi köçkün Səmiyyə Hüseynova, "Baku Medical Plaza"dan və orada ürək cərrahı işləyən həkim Üzeyir Rəhimovdan şikayətçidir.

İcmal.Az bildirir ki, Səmiyyə xanım pressclub.az-a deyib ki, oktyabrın 20-də həyat yoldaşı Zakir Hüseynovu ürəyində yaranan problemlə bağlı klinikaya aparıblar.

Elə həmin gün də 64 yaşlı Zakir Hüseynov orada Üzeyir həkim tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan sağ çıxa bilməyib. Səmiyyə xanımın şikayəti isə, həkimin ölüm faktından sonra onlara qarşı göstərdiyi kobud münasibətdir: "Həyat yoldaşım Zakir Hüseynov 17 il bundan qabaq infarkt keçirmişdi. O zaman müalicə almışdı, vəziyyəti yaxşı idi. Bu il oktyabrın 17-də yenidən infarkt keçirdi. Biz də səhəri günü "Respublikanski" xəstəxanasına apardıq. Orada həkim bildirdi ki, Topçubaşov adına xəstəxanaya aparmalıyıq. Biz də yoldaşımı ora apardıq. Orada diaqnoz qoyuldu ki, ürək damarlarında tromblaşma yaranıb.

Ürəyə gələn 4 damardan 3-ü tamamilə dolub, biri isə 25 faiz işləyir. Yoldaşım Topçubaşov adına xəstəxanada 3-cü dəfə infarkt keçirdi. Xəstəxanada Nicat həkim baxdı, "anju" əməliyyatı edə bilməyəcəyini, əməliyyat üçün çox riskli olacağını dedi. Bizə bildirdi ki, yoldaşımı əməliyyat etməyə razı deyil, çünki həyati risk var, cərrahiyə masasında qala bilər".

"Klinikaya 4500 manat pul ödədik"

Bundan sonra mərhum Zakir Hüseynovu yenidən "Respublikanski"yə gətiriblər. Bu dəfə xəstəni "Baku Medical Plaza"ya, orada ürək cərrahiyəsini həyata keçirən Üzeyir Rəhimovun qəbuluna məsləhət görüblər: "Elə həmin günü, klinikaya getdik, Üzeyir həkimin qəbuluna yazıldıq. Bir neçə dəqiqədən sonra həkim baxdı, analizin nəticələrinə göz gəzdirdi və təcili əməliyyatın vacib olduğunu dedi.

Biz də klinikaya 4500 manat pul ödədik. Bir gün əməliyyata hazırlıq üçün yoldaşımı saxladılar klinikada. Sabahı, günortadan sonra əməliyyata girdi. Biz Üzeyir həkimə dedik ki, sizdən qabaq cərrah əməliyyata götürmədi, riskli olduğunu bildirdikdə, Üzeyir həkim gülümsəyərək, heç bir problem olmadığını, bir saata əməliyyatın yekunlaşacağını söylədi. Sadəcə, prosedur qaydası olaraq bizim əməliyyata razı olmağımızla bağlı dilimizdən "kağız" almalı olduğunu dedi. Biz də razı olmağımız haqqında qol çəkdik".

Xəstə gecədən ölübmüş

 

S.Hüseynova deyir ki, həkimin bir saat dediyi əməliyyat nə az, nə çox düz 7 saata yaxın çəkib: "Çıxıb bir söz də deyən yoxdur ki, içəridə nə baş verir. 7 saatdan sonra həkim çıxdı, əməliyyatın həyata keçirildiyini bildirdi, xəstəni reanimasiyaya yerləşdirdiklərini söylədi. İynənin təsirindən ayıldıqda görüşə biləcəyimizi dedi. Biz də buna inandıq. Gecə səhərəcən xəstəxanada olduq. Çox qəribədir ki, digər əməliyyat olunan xəstələr bir palatada, Zakir isə ayrıca, tək vəziyyətdə bir başqa reanimasiya palatasında yatızdırılmışdı. Gecə saatlarında tibbdən başı çıxan qohumumuz reanimasiyaya girdi, yoldaşıma baxdı. Çıxanda dedi ki, sanki, Zakir müəllim ölübdü, bədəni buz kimidir. Eləcə aparata qoşulu vəziyyətdə dayanıb. Həkimlə əlaqə saxlayanda, problem olmadığını, sabah ayılacağını dedi. Biz də səhərə kimi gözlədik".

Səhər açılanda isə, həkim xəstənin öldüyünü, koma vəziyyətindən ayıla bilmədiyini deyib: "Gecə olanları düşünəndə, indi analiz edəndə bilirik ki, yoldaşım elə əməliyyat zamanı ölüb. Sadəcə, səhərə kimi saxlayıblar ki, guya bunlar əməliyyat ediblər, səhərə kimi də saxlayıblar, komadan ayılmayıb. Yəni bizim klinikaya ödədiyimiz pulu qaytarmamaq üçün belə ediblər".

Həkim: "Gedin hara istəyirsiz şikayət edin"

Biləcəridə 1 otaqlı yataqxana binasında məskunlaşan məcburi köçkün Səmiyyə xanım deyir ki, yoldaşının əməliyyat üçün "Baku Medical Plaza"ya ödədikləri pulu borc-xərc kimi toplayıblar: "Yoldaşımın 7 mərasimindən sonra xəstəxanaya, həkimin yanına getdim. Bir az etirazımı etdim. Çox çətin şəraitdə yaşayırıq. Əməliyyat üçün pulu borc etmişdik. Həmin puldan heç olmasa yarı miqdarının qaytarılmasını istədim ki, borclarımızın bir hissəsini ödəyək. 22 yaşımda oğlum var, işləmirik, məcburi köçkünlər üçün verilən 5-10 manat müavinətlə birtəhər dolanırıq. Həkim mənə dedi ki, hələ siz min manat da klinikaya borclusunuz. Klinikanın bir manat da qaytarmayacağını dedi və bildirdi ki, "gedin hara istəyirsiz şikayət edin"".

Məcburi köçkün qeyd edib ki, 2 gündən sonra yenidən klinikaya gedib: "Dedim, bəlkə insafa gələlər. "Kolidor"da həkimi gördüm. Qayıdıb mənə dedi ki, nə qaraçılıq edirsən burada? Mühafizəçilərə də qışqırdı ki, sizə deməmişəm bunu içəri girməyə qoymayın?! Söhbət bilirsiz pulda da deyil. Düzdü, o pulun qaytarılmasına ehtiyacımız var. Dediyim kimi borc götürmüşük. Amma bir tərəfdən də mənəvi zərbədir, mənimlə bu cür davranılması. Biz torpağımızı, evimizi itirmiş, qəlbimiz yaralı insanlarıq. Bizimlə bu cür davranmağa, təhqir etməyə Üzeyir həkimə kim ixtiyar verib?!"

Məsələ ilə bağlı PressClub.Az həkimlə əlaqə saxladı. Cərrah Üzeyir Rəhimov bildirdi ki, Zakir Hüseynov klinikaya gətiriləndə vəziyyəti ağır olub: "O klinikaya elə durumda gətirilmişdi ki... Mən əlimdən gələni etdim, amma faydası olmadı". Pulla bağlı məsələyə gəlincə həkim deyib ki, xəstəni əməliyyat edib: "Şikayəti varsa, buyursun şikayətini etsin. Şikayət etmək onların haqqıdır. Biz də sənədlərə əsasən, münasibətimizi ortaya qoyacağıq. Biz deyəndə ki, təmsil olunduğum klinika". Bunu deyib, həkim dəstəyi asdı.

İcmal.Az

RƏYLƏR