Erməni siyasətçi Qarabağı Azərbaycana qaytarmağa çağırdı

OXUNUB: 767 SİYASƏT

İşğal rejimin təmsilçiləri ciddi narahatdırlar

Yerevanda "Erməni Milli Konqresi” partiyasını təmsil edən Zoya Tadevosyan iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar "zəbt olunub” və "Dağlıq Qarabağın ərazisi” deyil.

İcmal.Az "Aysor"a istinadən xəbər verir ki, bu, işğal rejimin təmsilçilərində ciddi narahatlıq yaradıb və  qondarma rejimin "administrasiya sözçüsü” David Babayan "Erməni Milli Konqresi” partiyasından Zoya Tadevosyanın dediklərini "xəyanət, satqınlıq” adlandırıb.

Zoya Tadevosyan bildirib ki, "Biz bu əraziləri "azad olunmuş” kimi xarakterizə edirik, lakin siz yaxşı bilirsiniz ki, o zəbt edilmiş ərazilərdir”.

Erməni siyasətçinin sözlərinə görə, diplomatiyada və ya beynəlxalq hüquqda qəbul edilmiş istənilən normalara görə bu ərazilər erməni əraziləri deyil. "Doğrudanmı danışıqlar masasında azad edilmiş ərazilərin məsələsi dayanır? Bu zəbt edilmiş ərazilərdir, Azərbaycan əraziləridir. Danışıqlar isə Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi ətrafında aparılır”, - Zoya Tadevosyan belə deyib.

"Aravot” qəzeti yazır ki, onun dedikləri mətbuat konfransına toplaşmış jurnalistlər arasında anlaşılmazlıq yaradıb.

Babayan isə bildirib ki, Ermənistanda belə düşünən adamların olmasını "qorxulu” hesab edir, bildirir ki, belə adamlar küçəyə çıxmaqdan utanmalıdır: "Bu milli maraqların satılmasıdır, mənəvi deqradasiyadır, ümid ancaq ona qalır ki, həmin qadının başı özündə deyil”. 

Ermənistan müdafiə nazirinin keçmiş müavini, qondarma "dqr prezidentinin” müşaviri Artur Aqabekyan isə daha irəli gedib və "Erməni Milli Hərəkatı”nın nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların Azərbaycana qaytarılmalı olduğu barədə bəyanatına cavab olaraq əsgərləri küçələrə çıxmağa çağırıb.

Aqabekyan Ermənistanda Azərbaycana torpaq qaytarmaq tərəfdarlarının son zamanlar "fəallaşmasına” cavab olaraq Dağlıq Qarabağ sakinlərini küçələrə çıxmağa səsləyən keçmiş səhra komandiri, "dqr prezidentinin” xüsusi tapşırıqlar üzrə nümayəndəsi Arşavir Qaramyana dəstək verib. O, keçmiş döyüş yoldaşlarına, əsgərlərə və zabitlərə çağırış edərək onları Arşavir Qaramyanın çağırışını dəstəkləməyə, küçələrə çıxıb iradə nümayiş etdirməyə və "təhlükəli proseslərə” münasibət bildirməyə səsləyib.

 

İcmal.Az

RƏYLƏR