Ermənilərin mülki əhalini qətlə yetirməsi ilə bağlı AP və Avronest PA-ya müraciət ünvanlanıb

OXUNUB: 922 SİYASƏT

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.

İcmal.Az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 25 ildir, Azərbaycanın 20 faiz ərazisini silah gücü ilə işğal edib, 1 milyonadək insan evlərindən didərgin düşüb, 30 minə yaxın vətəndaşımız öldürülüb, minlərlə insan hələ də girovluqda saxlanılır və Azərbaycanın mülki əhalisi ilə müharibə aparması Xocalı soyqırımı ilə sübuta yetirilib.

Qeyd olunub ki, 1994-cü ildə atəşkəs əldə olunmasına dair iki ölkə arasında Bişkek protokolunun imzalanmasından sonra da Ermənistan tərəfi hər gün atəşkəsi pozaraq cəbhə xətti, eləcə də, sərhəd boyu hərbçilərlə yanaşı, yaşayış məntəqələrində mülki əhalinin həyat və sağlamlığına zərər vurur və mülki obyektləri dağıdır.

Müraciətdə iyulun 4-də baş verən hadisənin işğalçı siyasətin davamı olduğu vurğulanıb: "Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır. Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələr bu cinayətin məsuliyyətini daşımalıdırlar. Müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil. Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır, davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın və hətta bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada və Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin də üzərinə düşür. Şərq Tərəfdaşlığı ölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması və işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır.

Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili və xarici siyasətində prioritet edən Avropa İttifaqının və onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək və qətnamə qəbul etməyə çağırılır: "Ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı və işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək və buna öz hüquqi qiymətini verəcək”.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb.

İcmal.Az

RƏYLƏR