"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib

OXUNUB: 32 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın I Qurultayı keçirilib.

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Orxan Nəbiyev son bir il ərzində Sülh Platforması çərçivəsində görülən işlər haqqında hesabatla çıxış edib və Qurultaya hazırlıq barədə iştirakçılara ətraflı məlumat verib.

Mandat Komitəsinin Qurultayda yetərsayın olması haqqında verdiyi məlumatdan sonra Qurultay rəsmən öz işinə başlayıb və Qurultayın gündəliyi yekdilliklə qəbul olunub.

Gündəlikdə olan ilk məsələ, "Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsasında "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsininin təsdiq olunması haqqında qərar qəbul olunub.

Nizamnaməyə uyğun olaraq "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin sayı, təmsilçilik prinsipi və tərkibi müəyyyənləşib. Belə ki, Qurultay "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in Minsk qrupuna üzv ölkələrin təmsilçilərindən formalaşması və tərkibin 19 nəfərdən ibarət olması haqqında qərar qəbul edib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.

Keçirilən səçkilərin nəticələrinə əsasən aşağıdakılar "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın İdarə Heyətinə üzv seçiliblər:

Erməni təmsilçiləri:
1. Oksana Altunyan (mühəndis, ictimai fəal)
2. Erik Xaçaturov (iş adamı)
3. Rimma Sarkisova (ictimai fəal)
4. Artur Ağacanov (tarixçi alim)
5. Rafael İsaxanyan (iqtisadçı alim, araşdırmaçı)
Azərbaycanlı təmsilçilər:
6. Novella Cəfərova (hüquq müdafiəçisi)
7. Rizvan Hüseynov (tarixçi)
8. Umud Mirzəyev(BAMF-ın sədri)
9. Kamil Səlimov (hüquq elmləri doktoru)
10. Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü)
ATƏT-in Minsk Qrupuna üzv olan digər 9 ölkənin təmsilçiləri:
11. Xuan Karlos Mendez (Kaliforniya Vefil Mərkəzini Yepiskopu, ABŞ)
12. Yevgeni Mixaylov (siyasi şərhçi, Cənubi Rusiya İnformasiya Agentliyinin rəhbəri, Rusiya)
13. Pier Tregomain (Sarbon Universiteti, Tarix üzrə PhD, Fransa)
14. Goran Lindbald (AŞPA-nın keçmiş Vitse-Prezidenti, İsveç)
15. Jaakko Laakso (Keçmiş parlamentar, Finlandiya)
16. Sergey Simanovski (siyasi elmlər doktoru, Belorusiya)
17. Selin Şenocak (YUNESKO-nun Mədəni Diplomatiyasının direktoru, Türkiyə)
18. Domeniko Letizia (l’Opinione qəzetinin siyasi şərhçisi, İtaliya)
19. Mattias Dornfeldt (Berlin Xəzər Araşdırmalar İnstitutunun rəhbəri, Almaniya)
İdarə Heyətinin seçkilərindən sonra "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 3 nəfərdən formalaşan Mərkəzi Nəzarət-Təftiş Komissiyasına Süzan Caginyan (jurnalist, Ermənistan), Səidə Qocamanlı (hüquq müdafiəçisi, Azərbaycan) və Stanislav Raznievski (Polşa-Gürcüstan Dostluq Cəmiyyətinin sədri, Polşa) seçiliblər.

Qurultayın Yekun Qərarı və Qurultay iştirakçılarının Bəyanatı qəbul olunub (əlavə edilir). Qurultay Platformanın Tbilisi, İrəvan və Bakıda ofislərinin açılması, Ermənistan və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib.

Qurultay iştirakçılarının Ermənistan və Azərbaycan prezidentlərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Roma Papası Fransiskə, Bütün Ermənilərin Katolikosu II Qareginə və Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadəyə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə kömək məqsədilə yaradılmış Platformanın təşəbbüsünə dəstək vermələri, Ermənistanla Azərbaycan arasında davam edən 30 illik münaqişəyə son qoyulması və davamlı barışın əldə olunması üçün onlara müraciətləri qəbul olunub (Müraciətlərin mətni ilə əlavədə tanış ola bilərsiniz).
Qurultay işini başa çatdırdıqdan sonra yeni İdarə Heyətinin ilk iclası keçirilib. İclasda "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın Nizamnaməsinə uyğun olaraq həmsədrlik instititu təsis edilib, Rafael İsaxanyan və Rövşən Rzayev Platformanın İdarə Heyətinin 1 il müddətinə həmsədrləri seçilib.

Daha sonra Platformanın İdarə Heyəti tərəfindən "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”-nın "Ekspertlər Şurasını”-nın siyahısı müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”-nın 29 nəfərlik "Ekspertlər Şurası”nın tərkibi təsdiq edilib (Ekspertlər Şurasının üzvlərinin siyahısı əlavə edilir).

İdarə Heyəti Qurulyatın qərarlarının icrasının təmin olunması istiqamətində müvafiq addımların atılması və fəaliyyət planın qısa müddətdə hazırlanması haqqında qərar qəbul edib.

İcmal.Az

RƏYLƏR