Ermənistan beynəlxalq hüquq normalarına əsaslanan qonşuluq siyasətinə hazır deyil- Politoloq

OXUNUB: 551 SİYASƏT
Ermənistan hakimiyyətinin davranışları işğalçı ölkədəki gərginliyi və xaosu daha da artırır. Qisasçılıq fikri ilə siyasət yürütmək istəyən radikal erməni qrupları öz xalqını faciələrə sürükləyir. Azərbaycanın şanlı Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində ən azı 8 min nəfər itki verən Ermənistan ordusunun biabırçı məğlubiyyəti onlara dərs olmalıdır. Çünki bir neçə müdafiə istehkam xətti quran Ermənistan qoşunları Azərbaycan Ordusunun zərbəsinə tab gətirə bilməyib qaçmağa, təslim olmağa üstünlük verdilər. Bütün bunlardan sonra Ermənistanın yenidən silahlanmaq, müharibə etmək istəyi, ardıcıl xarakter alan təxribatları bu ölkənin məhvinə gətirib çıxara bilər.

Xatırlatmaq yerinə düşər ki, sentyabrın 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Müdafiə Nazirliyindən bildirilib ki,  bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.

Mütəxəssislərin də fikirlərinə görə, işğalçı ölkə belə təxribatlara son qoymalı, bunun yerinə əməkdaşlıq imkanlarını araşdırmalı və həyata keçirməyə çalışmalıdır. Lakin Ermənistan tərəfinin revanşist bəyanat və davranışları bunun əksini göstərir. Belə ki, Ermənistanın yeni XİN rəhbəri Ararat Mirzoyan "RİA” agentliyinə müsahibəsində Azərbaycanı 10 noyabr Bəyanatının tələblərinə əməl etməməkdə ittiham edib.


Mövzu ilə bağlı "İki sahil”ə açıqlamasında politoloq, İkinci Qarabağ müharibəsi qazisi Azər Verdiyev qeyd edib ki, belə açıqlamalar onu göstərir ki, hələ də Ermənistanda dövlət siyasəti adında heç nə yoxdur. Ermənistan öz işğalçı siyasətindən, ərazi iddialarından əl çəkmək niyyətində deyil. Erməni dövləti anlamalıdır ki, biz bu regionda hansısa bir qondarma dövlətin yaranmasına icazə verməyəcəyik. Bu cür istəklər və xülyalar Ermənistan adlı dövlətin bu regionun coğrafiyasından silinməsinə gətirib çıxara bilər. Ermənistanın  xarici işlər naziri dərk etməlidir ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı Bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək daha çox Ermənistan tərəfinin maraqlarında olmalıdır. Yalnız bu şəraitdə çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər”.

A.Verdiyev qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu bəyan edib: "Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq normalarına əsaslanan qonşuluq siyasətinə hazır olmadığını göstərir. Bu cür yanaşma həm də onu göstərir ki, biz hər zaman istər siyasi müstəvidə, istər hərbi sahədə hər bir dəyişikliyə hazır olmalıyıq”.

RƏYLƏR