Ermənistan xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə görə layiqli cəzasını alacaq

OXUNUB: 607 index-manşet SİYASƏT
Xocavəndin Edilli kəndi ərazisində aşkar edilmiş növbəti kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinin daha bir təsdiqidir. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən aparılmış ilkin müayinələr aşkar edilmiş qalıqların ümumilikdə əsir düşmüş 25 nəfər  hərbçiyə məxsus olduğunu söyləməyə əsas verir. Müşahidələr bu şəxslərin çoxunun işgəncə ilə öldürüldüyünü göstərir. Bununla da Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”  1949-cu il Konvensiyasının tələblərinin pozulması əyani şəkildə sübut olunur.

Bu fakt eyni zamanda birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın taleyinı müəyyənləşdirilməsi üçün vacib dəlildir. Ermənistan tərəfi isə dəfələrlə edilən çağırışlara məhəl qoymayaraq, törətdiyi müharibə cinayətlərini gizlətmək məqsədilə 4 minədək itkin düşmüş soydaşımızın taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı qarşılıqlı müzakirələrin gedişində hər dəfə mina problemi ilə yanaşı bu məsələni də bir tələb olaraq gündəmə gətirir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlər nəticəsində mütəmadi olaraq kütləvi məzarlıqların aşkar edilməsi Qarabağ və ətraf bölgələrdə bundan sonra da belə faktlarla rastlaşacağımızı istisna etmir. Ermənistan tərəfindən törədilmiş soyqırımı aktları təkcə xalqımıza qarşı deyil, həm də insanlıq əleyhinə həyata keçirilmiş ümumbəşəri cinayətlərdir. Ona görə də Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün dünya ictimaiyyətinin diqqəti bu hadisələrə yönəldilməli, beynəlxalq hüquqa əsaslanan adekvat yanaşma formalaşdırılmalı və həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.  

Azərbaycan bu istiqamətdə operativ addımlar atmaqdadır. Məlum olduğu kimi, faktla bağlı dərhal Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12 maddələri ilə cinayət işi başlanmış və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Şübhə yoxdur ki, Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən siyasi, hüquqi və diplomatik tədbirlər zamanında  öz bəhrəsini verəcək./yap.org

RƏYLƏR