“Ermənistanın bəzi islam ölkələri ilə yaxınlıq etməsi...” - Bakıdan müsəlman ölkələrinə ÇAĞIRIŞ

OXUNUB: 681 SİYASƏT

Bu gün "İslam Həmrəyliyi İli” münasibəti ilə "İslam Həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusundə konfrans keçirilib.

Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney "İslam Həmrəyliyi İli”nin İslam ölkələri arasındakı əməkdaşlığa əhəmiyyətli təsirindən danışıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən "İslam Həmrəyliyi İli” başa çatmaq üzrədir və bu müddət ərzində silsilə tədbirlər keçirilib. Bu tədbirlərin ən yüksəyi ölkəmizdə təşkil edilən İslam Həmrəyliyi Oyunları oldu. Bu ilin "İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyası üçün mühüm hadisədir. Çünki İslam ölkələri tarix boyu təriqət və digər mübarizələrin mərkəzində olub. Bir çox hallarda bu mübahisələr müharibələrlə nəticələnib. Acınacaqlı haldır ki, müsəlmanlara düşmən kimi baxan bəzi dairələr bundan istifadə edib və bu gün də istifadə etməkdədirlər. Buna görə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə qeyd edilən bu ilin mənası çox böyükdür. Bəzi qərb dairələri islamın sülh dini olmasını nə eşitmək, nə də anlamaq istəyir. Bu mənada "İslam Həmrəyliyi İli”nin nə qədər əhəmiyyətli olduğu daha yaxşı anlaşılır”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tədbirin İslam ölkələri arasında yaxınlaşmaya, tanışlığa xidmət etdiyini deyib:
"İslam bizi birləşdirən ortaq dəyərdir. Burada Misirin ən tanınmış media orqanlarının rəhbərləri də bizimlədir. Onlar arasında bir milyondan çox tirajı olan mətbuat orqanları var. Bu tədbir islam ölkələrinin problemləri ilə tanış olmaq, əlaqələr qurmaq baxımından çox önəmlidir. İnanıram ki, bu görüşlər Misir-Azərbaycan jurnalistləri arasında davamlı münasibətlərin əsasını qoyacaq”.

Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışı zamanı belə görüş və tədbirlərin iki ölkə arasında media müstəvisində yeni bir mərhələnin başlanğıcı olacağını deyib:
"Səhv etmirəmsə, bu, Misirdən gəlmiş media nümayəndələrinin ölkəmizə ilk səfəridir. Onlara bildirmək istəyirəm ki, İslam Əməkdaşlıq Təşkilatı və ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin qurulması olduqca vacib məsələdir. Bu səfər iki ölkə arasında media müstəvisində yeni mərhələnin başlanğıcı olacaq. Azərbaycan islam sivilizasiyasının formalaşmasında mühüm töhfə vermiş dövlətdir. 743-cü ildə Azərbaycan ərazisində tikilən məscid, dini abidələr dövlət tərəfindən qorunub günümüzə qədər gəlib çıxıb. Tarix boyu Azərbaycanda dinlər, məzhəblərarası həmrəylik olub. Azərbaycan islam həmrəyliyi modelini yaradıb və bu model islam ölkələri tərəfindən öyrənilməlidir. Ölkəmizdə fərqli məzhəblərə məxus şəxslərin birlikdə ibadət etməsi dünyada bəzi dairələrdə islam haqqında yanlış fikirlər formalaşdıranlara qarşı ən tutarlı cavabdır. Ölkə Prezidentinin sərəncamı ilə elan edilən "İslam Həmrəyliyi İli” islam dünyasında həmrəyliyin artmasına töhfə xarakteri daşıyır. Azərbaycan təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da islam dəyərlərinin təbliğ edilməsinə çalışır. Ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları islam ölkələri arasında həmrəylik nümunələrindən biri olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında islamın sülh və mərhəmət dini olduğunu deyib. Bu din terrorla əlaqələndirilə bilməz. Qeyd edək ki, terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Bu yaxınlarda Misirdə məsciddə baş verən terror hadisəsi Azərbaycanı da dərindən kədərləndirib. Terrordan əziyyət çəkən bir ölkə kimi terrora qarşı qətiyyətli mübarizə aparılmasının tərəfdarıyıq. Bildiyiniz kimi, bizim 20 faizdən çox torpağımız işğal edilib və həmin torpaqlarda islam sivilizasiyasının nümunələri olan məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”.
B.Həsənov onu da bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın islam ölkələri ilə sıx münasibətləri var: "Lakin təcavüzkar Ermənistanın bəzi islam ölkələri ilə yaxınlıq etməsi, islam ölkələrinin birliyinə kölgə salır. Misirdən olan nümayəndə heyəti ilə söhbətlərimiz zamanı məlum oldu ki, bu ölkə mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yetərli məlumatlar yayımlamayıb. Dolayısı ilə Misir oxucuları bu münaqişə ilə bağlı tam məlumatlı deyil. Bu mənada Azərbaycan mətbuatı da Misir mətbuatı ilə münasibətlərdə aktiv olmalıdır. Hətta Misir Azərbaycan mətbuatı arasında əməkdaşlıq assosiasiyanın yaradılmasını təklifini irəli sürürük. Qonaqlarımız Cocuq Mərcanlıya da səfər edəcək. İnanıram ki, bu kimi tədbirlərdən sonra Misir oxucusunda Dağlıq Qarabağla bağlı yetərli fikir formalaşdırılacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli qeyd edib ki, "İslam Həmrəyliyi İli” islam ölkələri arasında həmrəyliyə bir nümunədir:
"Azərbaycanda heç vaxt sünni-şiə məscidi deyə bir ayrıseçkilik olmayıb. Müsəlmanların çoxluq təşkil etdiyi ölkəmizdə 65 faiz şiə, 35 faiz isə sünnilərdir. Hazırda cəmiyyətimizdə camaat namazının sünni və şiələrin birlikdə qılınması ənənəsi var ki, bu da dünyada çox unikal hadisədir. Bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu danılmazdır”.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev çıxışı zamanı islam ölkələri qarşısında duran əsas məqsədin islamofobiyaya qarşı mübarizə və bir-birini daha yaxşı tanımaq olduğunu deyib:
"Uzun müddət Küveyt və Misir-Ərəb ölkələrində səfir kimi fəaliyyət göstərmişəm. Bizimlə əməkdaşlıq edən bu ölkələrin mətbuat orqanlarına təşəkkür edirəm. Lakin bəzən Azərbaycan mühitində belə fikir var ki, bütün müsəlman ölkələrində qapılar üzümüzə açıq olmalıdır. Ancaq bu, belə deyil. Bunun üçün fəaliyyət göstərmək lazımdır. Çünki bu ölkələrdə də erməni diasporası var, onlar da müəyyən işlər görürlər. Yalnız düzgün məlumatlar təqdim etməklə və onları ölkəmizə dəvət edəndən sonra münasibətlər dəyişir. İnanmıram ki, hər hansı müsəlman Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfində olsun. Etiraf etməliyik ki, ölkəmizdəki mətbuat azadlığı bəzən yerli mətbuatın ərəb ölkələri ilə bağlı qərb mətbuatına istinad etməsinə imkan verir. Amma medianın ictimai fikir formalaşdırdığını unutmamalıyıq, dövlətin maraqlarını əsas tutmalıyıq”.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxışı zamamı bu tədbirin islam həmrəylinin gücləndirilməsinə töhfə verdiyini deyib: "İctimai rəyin formalaşdırılmasında medianın rolu böyükdür. Bu toplantının keçirilməsi islam ölkələrinin müxtəlif çağırışlarla üzləşdiyi vaxtda çox mühüm əhəmiyyət daşıyır. Bu gün islam ölkələrinin Qarabağ, Fələstin kimi problemləri var. Yaşadığımız dövrdə islamofobiya halları artıb. Həm xaric, həm də daxildən bu problemi aktual saxlayanlar var. Bəzən islam terrorla əlaqələndirilir. Lakin terrorun ən dəhşətli nümunəsi torpaqların işğalıdır ki, islam ölkələri bu problemdən əziyyət çəkir. Bu problemlər fonunda media bir açar rolunu oynamalıdır. Çünki media görünməmiş bir çağırışdır, onun müsbət və mənfi tərəfləri mövcuddur. Jurnalistlərə bildirmək istəyirəm ki, xəbərləri araşdırmadan təqdim etmək doğru deyil. Bir qrup insan islam ölkələri ilə bağlı hər hansı xəbəri təhrif edərək onu asanlıqla sosial şəbəkədə yaya bilər. Bu məsələnin araşdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür”.

Qarşılıqlı anlaşmada medianın əhəmiyyətindən danışan Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammad Adil Embarş İslam Həmrəyliyi İli çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil edildiyini deyib: "Prezident İlham Əliyevin belə bir vaxtda İslam Həmrəyliyi ilə bağlı irəli sürdüyü təşəbbüs çox əhəmiyyətli və vaxtında atılan addımdır. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında bir çox ortaq cəhətlər var. Hər iki ölkə tolerantlıq və müxtəlifliyə hörmət edəir, habel islam dininin düzgün yayılmasında mühüm töhfələr verir”./publika

İcmal.Az

RƏYLƏR