Ermənistanın vəhşi əməllərinə son qoyulmalıdır - Azər Verdiyev

OXUNUB: 384 GÜNDƏM SİYASƏT

Ermənilərin təxminən bir ay bundan əvvəl törətdikləri vəhşilik nəticəsində  Füzuli rayonunun Alxanlı kənd sakinləri 51 yaşlı Sahibə  Allahverdiyeva və onun 2 yaşlı nəvəsi  Zəhra Quliyeva qətlə yetirilmişdi, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. O vaxt mənfur düşmənin balaca Zəhranı və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənildi.

Lakin Ermənistan bu vəhşi əməllərindən nəticə çıxarmadı; avqustun 7-də düşmən ölkənin  silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Qaralar kəndinin atəşə tutulması nəticəsində  13 yaşlı Ramin Yusifov qəlpə yaraları alıb. Bu, ermənilərin növbəti vəhşiliyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətinin nəticəsidir.  

Düşmənin bu barbarlığı həm də onu  göstərir ki, Ermənistanın hərbi rəhbərliyinin vəhşi hərəkətlərinin cavabsız qalması, beynəlxalq ictimaiyyətin susması   səbəbindən mülki insanlar və mülki obyektlər hədəfə alınmaqda davam edir. Halbuki, bütün beynəlxalq qanunlarda, konvensiyalarda dinc əhaliyə qarşı hərbi təcavüz qadağan olunur. Dinc əhali arasında qırğın törətmək ən böyük cinayət sayılır.

Ermənistan silahlı qüvvələrinin vaxtaşırı Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaları və dinc sakinləri öldürmələri ilə insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə konvensiyalarının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəaları kobud şəkildə pozulur. Bu hadisə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini bir daha təsdiqləməklə yanaşı, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini də nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə laqeyd yanaşılmasını göstərir. Bütün bunlar isə son dərəcə təəssüf doğuran haldır və bu münaqişə hazırda Cənubi Qafqazdakı təhlükəsizliyə ən böyük hədədir.

Sonda onu da qeyd edim ki, hazırda dünyanın tanınmış ictimai-siyasi xadimləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə danışarkən, Azərbaycanın suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırsalar da, bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürəkağrısı ilə vurğulasalar da, Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli mübarizə aparılmır. Azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədilməsi də məhz bunun nəticəsidir.

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası
İctimai Birliyinin sədri, politoloq

"Xalq qəzeti"


RƏYLƏR