Əsli Kazımova: “İnanıram ki, bu Parlament seçkiləri Cənubi Qafqazda demokratik əsaslara dayanan seçki kimi yadda qalacaq”

OXUNUB: 1733 SİYASƏT

"İnanıram ki, bu Parlament seçkiləri Cənubi Qafqazda demokratik əsaslara dayanan seçki kimi yadda qalacaq…”.

Bunu Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə namizədi Əsli Kazımova  deyib.

 

Onun sözlərinə görə, təbliğat və təşviqat işləri artıq sona çatmaq üzrədir: "Sevincli hal ondan ibarətdir ki, seçki kampaniyasını demokratik prinsiplərə dayanaraq başa vurduq. Bu üzdən də mən öz seçicilərimə təşəkkür edirəm. Öz elimdən, öz obamdan olan hər bir sakinə öz təşəkkürümü bildirirəm. Məni o qədər səmimi qarşıladılar ki, o qədər sevgi və qayğı ilə mənim üzümə evlərinin qapılarını açdılar ki, mən tək olmadığımı hiss etdim. Mən seçicilərimlə keçirdiyim hər görüşdə gücləndim. Mən hər görüşə tək olaraq qatıldım, amma seçicilərimlə fikir baxımından bütünləşərək, tək yumruq kimi güclənərək ayrıldım. Bu bilirsiniz mi nəyə görə belədir? Çünki mən o yurdun qızıyam. Bunu onlarla görüşlərdə də dedim. O torpaqların torpağı ilə, palçığı ilə yoğrulmuşam mən. Hər kəndindəki, hər qarış torpağındakı problemlərə bələdəm.  Seçiləcəyim təqdirdə, ilk olaraq, o problemlərin həllinə dair əlimdən gələni edəcəyəm. Bu ən azından boş vəd deyil. Çünki, onların dilə gətirdikləri problem ilk növbədə mənim problemimdir.

Seçki çərçivəsində məni kövrəldən, hətta bəzən göz yaşlarıma sahib ola bilmədiyim anlar da oldu. Şəhid ailələrində olduğum zaman bəzən utandım. O anaların, başsız qalan ailələrin üzünə baxmağa utandım. Xüsusən də, atasız qalmış körpə uşaqları görəndə. Vətən uğrunda gözlərini itirmiş veteranımızın övladlarının üzünü görə bilməməsinin şahidi olmaq mənə çox təsir etdi. Amma bəzən sevincli anlarım da oldu. Mənə ümüdlə baxan hər seçicimin üzünə baxdığımda çox sevinirdim. Məni sevgi və qayğı ilə qarşılayan kənd sakinlərim olduğu üçün qürur duydum. Yaşlı insanların, ağsaqqal və ağbirçəklərin xeyir-duasını eşitdikdə qəlbim fəxarət hissi ilə doldu. Bu seçkilərdə mən bir daha Azərbaycanlı olmağımla fəxr etdim. Çünki mənim xalqım, mənim seçicim çox ədalətlidir!”.

Şəhid ailələrini, veteranları, körpə uşaqları, çox uşaqlı anaları, baxıma möhtac yaşlıları fərdi olaraq bir-bir ziyarət etməyə müvəffəq olan Əsli Kazımova yaxın zamanda seçki ilə bağlı bəyanatı ilə çıxış edəcəyini də bildirdi. Onun sözlərinə görə, bəyanatda görüşlər əsnasında sakinlər tərəfindən qeyd edilən problemlər də öz əksini tapacaq: "Mən seçki kampaniyası bitmədən təbliğat və təşviqat kampaniyası çərçivəsində qayğı və problemlərini dinlədiyim seçicilərimin səsi olmaq adına, bunların hamısını bəyanatda bildirməyimin gərəkdiyini düşündüm…”.

 

 


RƏYLƏR