Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq! - Qənirə Paşayeva yazır

OXUNUB: 2254 MƏDƏNİYYƏT
Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq!
(MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.)

Avqustun 17-də dünya şöhrətli sənətkar, Azərbaycanın böyük oğlu Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı oldu. Həmin gün axşam isə "Yaşıl Teatr” Bakı Konsert Kompleksində sənətkarın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi.
Bəli, məşhur opera və estrada müğənnisi, bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi, onun adına, şanına layiq səviyyədə qeyd olundu. Müstəqil Azərbaycan dövləti sənətkara sağlığında yüksək dəyər ver­diyi kimi, o, haqq dünyasına köçdükdən sonra da ruhunu əziz tutur, irsinə sayğı duyur. Sənətkarın mənəvi ömrü onun fiziki ömrü ilə deyil, sənətinin ömrü ilə ölçülür. Xalqımız öz sənətkar oğlunu unutmur, xatirəsini əziz tutur, mahnılarını sevə-sevə dinləyir, təbliğ və tərənnüm edir. Müslüm Maqomayev özü doğma Azərbaycanı yüksək sənətkarlıqla, məhəbətlə tərənnüm edirdi. Onun "Ey əziz anam, Azərbaycan!” - nidası qu­laqlardan, daha doğrusu, ruhumuzdan çəkilməyib. Eləcə də, "Əlvida, Bakı” mahnısı...
Dənizkənarı bulvardakı heykəlin açılışında dövlət başçımızın vurğuladığı kimi, "Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt "Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıda­dır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutma­yacaq”.
Müslüm Maqomayevin repertuarı hərtərəfli və olduqca geniş olub; o, po­pulyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnı­ları məharətlə səsləndirib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkib. Dinləyicilərin, tamaşaçıların dərin sevgisini qorumağı bacarmış sənətkar, Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla, o cümlədən (keçmiş) SSRİ-nin "Qırmızı Əmək Bay­rağı” və "Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib.
Müslüm Maqomayevi xalqa, tama­şaçılara, sənətsevərlərə, milyonlarla pərəstişkarına sevdirən yalnız onun möhtəşəm səsi, onun sənəti idimi? Əlbəttə, səsi möcüzəviydi, sənəti mükəmməldi, lakin Müslüm Maqoma­yev sənətkarlığı, səsi ilə yanaşı, onlarla eynigücdə olan digər keyfiyyətləri ilə də fərqlənirdi: o, həmişə ləyaqətli insan, çox etibarlı dost kimi tanınıb, bir sözlə, gözəl insan olaraq sevilib. Onun qazan­dığı şöhrət, ona bəslənən sevgi, onun cazibəsi, necə deyərlər, "vəhdəti-vücud” kateqoriyasında şərh oluna bilər: Xalq artistinin sənəti və şəxsiyyəti bir-birini tamamlayırdı.
Müslüm Maqomayev ulu adaşı­nın şan-şöhrətin çətiri altında deyil, öz istedad və zəhmətinin hesabına zirvələr fəth edib. Onun atası 1941-45-ci illər müharibəsinin son günlərində qəhrəmancasına həlak olub. O vaxtlar Müslümün heç 3 yaşı tamam olmamış­dı. – Amma atasızlıq onu hədəflərindən yayındırmamışdır. Bu yerdə, yenə, Azərbaycan Prezidentinin sözlərinə müraciət edək: "Artıq gənc yaşların­da ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı”.
Müslüm Maqomayevə və ailəsinə ümummilli liderin münasibəti bir dastan­dır, xüsusi hadisədir. "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” epopeyasının ən özəl bölümlərindən birini məhz Müs­lüm Maqomayev sənətinə, şəxsiyyətinə münasibət, diqqət-qayğı təşkil edir. Ümummilli liderin sənətə, sənətkara, onun ailəsinə, sənət xadiminin və ailəsinin də böyük dövlət və siyasət xadiminin şəxsiyyətinə, fəaliyyətinə yüksək münasibəti özlüyündə bir örnək təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Müslüm Maqomayev sənətinə, irsinə diqqət-qayğısı Heydər Əliyev irsinin davamının mükəmməl örnəklərindən biridir.
"Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.
Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostla­rı ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub”. – Bu sözlər Azərbaycan Prezidentinə məxsusdur.
"Unudulmaz və əziz Dost, nurlu xatirəni ehtiramla yad edirəm!" – bu duy­ğulu cümlə isə Azərbaycan Respublika­sının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsindəki 17 avqust 2022-ci il pay­laşımındandır. Dünən "Yaşıl Teatr”dakı möhtəşəm gecə də məhz Heydər Əliyev Fondunu təşkilatçılığı ilə təşkil olunmuş­du.
Müslüm Maqomayev haqqında yazan, tədqiqatat aparan, onun irsini araşdıran sənətşünaslar, onu tanıyan­lar bir fikrə şərikdir: o, böyük sənətkar, böyük şəxsiyyət olub. Bəli, bir estrada ifaçısı kimi, hələ 30 yaşı tamam olma­mış Azərbaycanın, bundan 1 il sonra isə keçmiş SSRİ-nin Xalq artisti adına layiq görülməsi Müslüm Maqomayevin özünəxas ifa tərzinin, onun ifasının fenomenallığının təntənəsiydi. Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi: "Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır”.
Bariton səsə malik opera və est­rada müğənnisi, bəstəkar, müstəqil Azərbaycanın "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif olunmuş dünyaşöhrətli sənətkar Müslüm Maqomayevin öz doğ­ma torpağına bağlı olmasını, bu bağlılığı öz yaradıcılığına hopdurmasını və bütün dünyada nümayiş etdirməsini xalqımız qədirşünaslıqla qarşılayır.
Ruhun şad olsun, böyük sənətkar!
Əziz anan Azərbaycan səni heç vaxt unutmayacaq.

RƏYLƏR