Faytonçu Nazimin günahlandırdığı həkim: “Kaş onun da övladları cərrah ola…”

OXUNUB: 1171 Səhiyyə ŞOU-BİZNES
Bu gün müğənni Faytonçu Nazimin sosial şəbəkələrdə hamını heyrətə salan fotosu yayıldı. Fotodan görünür ki, müğənni tanınmayacaq dərəcədə arıqlayıb.
 
Müğənninin dediyinə görə, uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. Ödündə ciddi problemlər yaranıb. Müalicə üçün "Elmed” klinikasına, cərrah Elman Əzimova müraciət edib. Amma burada səhv əməliyyat olunub və vəziyyəti daha da pisləşib. Hazırda Türkiyədə müalicə olunur. O, Azərbayacana döndükdən sonra məhkəməyə üz tutacağını da bildirib.

Müğənninin ittihamları ilə bağlı "Elmed” klinikasının cərrahiyyə şöbəsinin rəhbəri, səhlənkarlıqda günahlandırılan Elman Əzimovla əlaqə saxladıq.
O bildirdi ki, ittihamlarla razılaşmır:
"Xəstənin şikayətləri əsasında klinikada lazımi analiz alınıb. Öd kisəsi və öd yollarının ultrasəs müayinəsini və kompüter tomoqrafiyası çəkildikdən sonra məlum olub ki, xəstənin ödündə polipabənzər törəmə və daşlar var. Əvvəlcə bir müddət yazılan müalicə əsasında xəstəni nəzarətdə saxladıq. Onlar 3 dəfə mənim qəbulumda olublar. Hər dəfəsində də əməliyyat tələb ediblər. Lakin mən əməliyyatın hazırda mümkünsüz olduğunu deyirdim. Həyat yoldaşı ilə birlikdə gəlmişdi və həyat yoldaşı israrla əməliyyatda iştirak etmək istədiyini dedi. Lakin axırıncı dəfə kəskin vəziyyətdə mənə müraciət etdilər. Mən həkiməm, çıxılmaz vəziyyətdə qaldım və xəstənin həyatını xilas etmək üçün bu əməliyyata girməli oldum. Əməliyyatın risklərini dəfələrlə xəstəyə və yaxınlarına bildirdim. Üstəlik pasient şəkərli diabet xəstəsidir. Uzun illər bu xəstəlikdən əziyyət çəkib. Dərin müalicə götürməyib. Əməliyyat zamanı çox çətinliklər yaşandı. Demək olar ki, 3 saata qədər davam edən əməliyyatda qanaxma oldu, düzdür. Amma bu normal haldır. Hipalyar və klitləmə üsulu ilə qanaxmanı dayandırdıq. İnanın ki, əlimizdən gələni etdik. O qədər ağırlaşmış vəziyyətdə idi ki, sanki qayadan daş parçası qoparırsız. Öd kisəsinin cərrahi əməliyyatı ən çətin və ən asan əməliyyat hesab edilir. Bəzən çox rahat keçən əməliyyat bəzən də belə çətinliklərlə gerçəkləşir. Mümkün olmayacaq bir əməliyyatı gerçəkləşdirmişəm. Əməliyyat zamanı ona "trinajboru” qoyub prosesi yekunlaşdırdıq. Normalda bu borular 3 aydan 1 ilə qədər qalır. Sonra xəstənin vəziyyətinə uyğun olaraq borunu çıxardırıq. Əməliyyat bitdi. Xəstə palataya keçirildi. Borudan öd gəlməyə başladı. Həmin an prosesin necə getdiyini müəyyən etmək olmurdu. Axın gəlirdi, amma düşünürdük ki, bir miqdardan sonra kəsilir. Belə də oldu, axın yavaş-yavaş kəsildi. 1 aya qədər nəzarət altında saxladıq. Evlərinə də gedib vəziyyətini yoxlayırdım, analizlər götürürdük. Heç bir problem yox idi”.
E.Əzimov bildirib ki, 1-2 ay sonra yenidən öd axmağa başlayıb:
"Artıq şübhələndim ki, daxildə hər hansı proses başlaya bilər və dərhal müayinə olunmasının vacibliyini söylədim. Problemi öyrənmək üçün xəstədən götürülən nümunə Milli Ankoloji Mərkəzə göndərildi. Mərkəzdən gələn sənədlər əsasında xəstəyə xərçəng diaqnozu qoyuldu. Lakin onlar mənimlə əlaqə saxlamadan birbaşa xarici ölkədə fəaliyyət göstərən klinikalardan birinə müraciət etdilər.
 
Əvvəlcə İsrailə, sonra Türkiyəyə gediblər. O mənə yaxınlaşa bilərdi. Mənim xarici ölkələrdə kolleqalarım var. Onları yönləndirə bilərdim. Amma mənimlə əlaqəni kəskin şəkildə kəsdilər. Türkiyədə həkim deyib ki, diaqnoz səhvdir. Sənin xəstəliyin xərçəng deyil, sadəcə xərçəngə yaxın bir xəstəlikdir. Onun özü də qəliz prosesdir, lakin əməliyyatla həll olunacaq bir məsələdir. Proses ərzində bütün analizlərin nəticələri, müayinələr xəstənin fərdi kitabçasında qeyd edilib. Xəstəxanadan çıxanda bütün sənədləri özü ilə aparıb. Təəssüf ki, belə bir məsələ yaranıb. Bizim Nazim bəy ilə çox yaxşı münasibətlərimiz olub. Amma belə bir şey gözləmirdim. Vallah, kaş onların övladları həkim olardılar, cərrah olardılar, bəlkə o zaman bizi anlayarlar. Mən savadsız həkim deyiləm. O cür ağır pataloji haldan biz onu sağ-salamat çıxartdıq, bunun özü möcüzədir. Bəzən bu kimi hallarda sadəcə gözləmək lazımdır. Həkimlər belə durumlarda ani səhlənkarlıqla xəstənin ölümünə səbəb ola bilirlər. Lakin biz zamanında qanaxmanı dayandırdıq və həmin an edilə biləcək, əlimizdən gələn hər şeyi etdik. Bütün şərtlər altında bu məsələni aydınlaşdıra bilərik. Qarşı tərəf heç bir uzlaşmaya gəlmək istəmir. Lazım gəlsə, mən də bütün arqumentləri ortaya qoyacam”./publika
 
 
 
İcmal.Az

RƏYLƏR