“Femina” xəz-dərinin malları da saxta çıxdı? YOXLAMALAR BAŞLADI

OXUNUB: 893 GÜNDƏM HADİSƏ
"Lady Sharm” mağazalar şəbəkəsinin rəhbərliyində təmsil olunan şəxslər saxta etiket istifadə etdikləri üçün həbs olunduqdan sonra daha bir neçə məşhur mağazada yoxlamalar başlayıb.

AFN-ə bu barədə məlumat verən mənbə bildirib ki, həmin mağazalardan biri də "Femina” xəz-dəri mağazasıdır: "Bildiyiniz kimi, "Femina” uzun müddətdir bazardadır və kifayət qədər çox sayda müştərisi var. Onun da müştəriləri arasında xeyli tanınmış insanlar var. Məsələ ondadır ki, mağaza olduqca "balanslı siyasət” aparır. Bir balaca təcrübəsi olan, əsl və saxta malı bir-birindən ayırmağı bacaran müştəriyə keyfiyyətli mal satır, məlumatsız insanlara isə Yunanıstan, İtaliya istehsalı adı ilə saxta mal sırıyır. Bu, yeni söhbət deyil. Bir neçə il bundan əvvəl "Lady Sharm”la bağlı baş verənlər "Femina”nın da başına gəlmişdi. Belə ki, mağazanın satdığı malların arasında saxta mal aşkarlanmışdı. Həmin vaxt hansısa yolla bu məlumatın mediada yayılmasının qarşısını ala bildilər”.
Mənbə qeyd edib ki, bir neçə gündür mağazada yoxlamalar aparılır, satışa çıxarılan və anbarda saxlanan malların keyfiyyəti ciddi araşdırılır: "Hətta yoxlamaların hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə keçirildiyi deyilir. Mağazanın rəhbərliyi hələlik ortalarda görünməməyi qərara alıb”.

Mağazanın saytında göstərilən telefona zəng edərək məsələni araşdırmağa çalışdıq. Zəngimizə cavab verən şəxs xəbəri inkar etmədi və "Femina”da yoxlamaların həmişə aparıldığını, lakin mağazanın satdığı mallara zəmanət verdiyini dedi. Həmçinin rəhbərliyin xaricdə olduğunu, buna görə ətraflı açıqlama vermək imkanında olmadıqlarını bildirdi. 

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, hər hansı məhsulun satışı ilə məşğul olan şirkət satdığı malın istehsal məlumatlarını təqdim etməyə borcludur. Bahalı məhsullar isə sertifikatla satılmalıdır. Aldadılan müştərinin ekspertiza tələb etmək hüququnun olduğunu xatırlatmağı da özümüzə borc bilirik. Əgər aldadıldığı sübut olunsa, müştəri şirkətdən həm maddi, həm mənəvi zərər istəyə bilər. 

P.S. Mənbə mağazanın əsl rəhbərliyi haqda da bəzi məlumatlar verib. Müəyyən dəqiqləşmələrdən sonra həmin məlumatları təqdim edəcəyik.

RƏYLƏR