Fermerlərə buğda və çəltik əkininə görə vəsait ayrıldı

OXUNUB: 1297 İQTİSADİYYAT

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə növbəti iclas keçirilib.

İcmal.Az xəbər verir ki, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 34 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb. Respublika Komissiyası 34 rayon (şəhər) üzrə 256138 istehsalçıya 737814,13 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 49468622,50 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib. Beləliklə, ümumilikdə Respublika Komissiyası 2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68421933,95 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

 

İcmal.Az

RƏYLƏR