FHN-ə zəng vurub “bomba var” dedi, həbs olundu

OXUNUB: 663 HADİSƏ

Avqustun 4-də gecə saat 1 radələrində Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi”nə Fövqəladə Hallar Nazirliyindən (FHN) naməlum şəxsin zəngi barədə məlumat daxil olub. 

"112 Xidməti”nə zəng edən bir nəfərin özünü təqdim etmədən "bomba var” sözlərini deyərək dəstəyi asması bildirilib.

Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.

Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı Nurlan Cəbrayılov olması müəyyən olunub və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, bu il martın 16-da isə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən olunub.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır./oxu

 

İcmal.Az

RƏYLƏR