Fransa bələdiyyə başçılarının Qarabağa səfəri bu ölkənin Azərbaycanla münasibətlərinə kölgə salır

OXUNUB: 44 SİYASƏT

Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə, o cümlədən Dağlıq Qarabağa qanunsuz səfərləri beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulmasıdır. Belə bir hal, həm də Ermənistanın güc yolu ilə Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Başqa sözlə, belə səfərlər Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin Fransa tərəfindən dəstəklənməsi anlamına gəlir.


Burada daha çox təəssüf doğuran hal odur ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ancaq bu ölkənin yerli özünüidarəetmə qurumlarının atdığı addımlar heç də vasitəçilik missiyasına uyğun gəlmir. Yeri gəlmişkən, artıq məsələ ilə bağlı Azərbaycan hökuməti də Fransaya etiraz notası təqdim edib.
Bu məsələdə bir məqamı da unutmamalıyıq. Fransa bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin bir növ dəstəklənməsi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımdır. Bu, həm də özünü Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə göstərən və erməni lobbisinin daim təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, həmçinin işğalçı ölkəyə dəstək verən digər şəxslərin müəyyən qüvvələrin sifarişini yerinə yetirmələrinin aydın ifadəsidir.
Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə "bəyannamə”lərin imzalaması da insanlığa qarşı cinayət olan etnik təmizləmə nəticələrinə razılıq bildirilməsindən başqa bir şey deyil. 
Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin mahiyyəti ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimatına əsasən, bu qurumlar Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməli, Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamamalı, səfərlər həyata keçirməməli və birgə tədbirlər təşkil etməməlidirlər. Lakin təəssüf ki, məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir.
Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir, həmçinin bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. 

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

 

 

İcmal.Az

RƏYLƏR