“Fransanın yaşıl paytaxtı”nda - Nantdan fotoreportaj

OXUNUB: 346 GÜNDƏM SOSİAL

Bakıdan Nanta altı saatlıq yorucu uçuşdan sonra "Qarabağ”ı Fransaya gətirən təyyarə "Nant Atlantik” hava limanına eniş edir. Aeroportdan çıxarkən bir qrup həmyerlimizin "Qarabağ”, "Qarabağ” alqış sədaları eşidilir. Onlar sevimli komandalarını dəstəkləmək, tək olmadıqlarını nümayiş etdirmək üçün hava limanına gəliblər.

 
 
 

Elə ondan başlayım ki, Nant Fransada azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən biridir. Burada təxminən 4 minədək azərbaycanlı yaşayır. Maraqlı məqam isə odur ki, soydaşlarımızın demək olar yarısından çoxu bura Salyandan köçüb. Bildiyimə görə, 1000-ə yaxın salyanlı ailə uzun illərdir həyatlarına Nantda davam edirlər. Yeri gəlmişkən, telejurnalist Vəsilə Vahidqızının Nantda yaşayan azərbaycanlı ailələrlə bağlı hazırladığı reportajı internetdən tapıb maraqla izlədim. Bu ailələr üçün bir neçə ildir "Qarabağ-Azərbaycan” məktəbi də fəaliyyət göstərir.

Nant ərazisinə görə Fransanın altıncı böyük şəhəridir. Rəsmi məlumatlara görə, burada 300 mindən çox insan yaşayır.

Şəhər ilk baxışdan öz sakitliyi və səliqəsi ilə diqqət çəkir. Yaşıllıq çoxdur. Elə buna görə də çox vaxt Nantı "Fransanın yaşıl paytaxtı” adlandırırlar. Parisdən fərqli olaraq, Nant xeyli təmiz və hay-küydən uzaq yerdir.

Şəhər çoxlu kiçik çayların keçdiyi Luara vadisində yerləşir. Fransanın ən uzun çayı olan Luara Nant yaxınlığında Atlantik okeanına tökülür. Tiflislə qardaşlaşmış şəhərdir. Nant həmçinin özünün üzüm bağları ilə də tanınır. Məşhur fransız ağ şərabı "Muscadet” burada istehsal olunur.

Əsası 1434-cü ildə qoyulmuş Sent Pyer və Sent Pol katedralı. Bu katedralın tikintisi 457 ilə başa çatdırılıb. İki il öncə baş verən yanğından sonra xeyli ziyan dəyib. Təmir-bərpa işlərinin hələ gələn il başa çatdırılacağı deyilir.

"Nant” oyunlarını 37 min tamaşaçı tutumu olan "Stade de la Beaujoire” arenasında keçirir. Stadionun qarşısında əfsanəvi fransız futbolçu Anri Mişelin heykəli qoyulub.

Bugünkü oyunda stadiondan "Qarabağ”ı 400-500-dək azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu rəqəmin matç saatına kimi artma ehtimalı da var. Yeri gəlmişkən, UEFA "Qarabağ”ın müraciətindən sonra baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı oyuna təhlükəsizliklə bağlı xüsusi nümayəndə təyin edib.

Həmkarlarım İlkin Xəlilov və Tural Xudiyevlə

Saat 23:00-da başlayacaq matçda "Qarabağ”a uğurlar arzulayırıq. Təbii ki, könüldən daha bir qələbə, daha bir darmadağın keçir. Amma Avropa Liqasının play-offunu təmin etmək üçün bu gün bir xal da kifayətdir./qol.az


RƏYLƏR