Gədəbəy DSMF sədrinin və sürücüsünün döydüyü jurnalist aclıq aksiyasına başladı - TƏFƏRRÜAT

OXUNUB: 923 Özəl HADİSƏ
Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov aclıq aksiyasına başlayıb.  

"Buna səbəb peşə vəzifəsini yerinə yetirdiyi zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy şöbəsinin binasında  həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülməsinə baxmayaraq hüquq mühafizə orqanları tərəfindən işə obyektiv baxılmaması və jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə açılmış cinayət işinin  məhkəməyə göndərilməsidir"- məsələ ilə bağlı anews.az saytının yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra yazılır:
 
"Bu il mayın 4-də peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə isə telefonunu  əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıbdır.  Buna baxmayaraq  Gədəbəy rayon polis şöbəsində qarşı tərəfə yox, jurnalistimizə  qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib
 
İstintaqa və prokurorluğa təqdim etdiyimiz heç bir sübut və etiraz qəbul edilmədən gənc təqsirli hesab edilib. İstintaqın qərəzli aparıldığına dair Daxili işlər nazirinə və Baş prokurora yazdığımız bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara,yəni faktiki barələrində şikayət etdiyimiz adamların özlərinə qaytarılıb və bu qətiyyən anlaşılan deyil.   
 
İstintaq orqanları jurnalistimizin bədənində olan xəsarətləri, sındırılan telefonunu istintaq araşdırması zamanı ümumiyyətlə nəzərə almayıb. İstintaqın nəticəsi olaraq tərtib edilən istintaq aktında  bildirilir ki,   guya jurnalist özü idarədə dava salıb, bilərəkdən öz əlini yaralayıb və telefonunu sındırıb.  Zənnimizcə bu kimi ittihamlar ümumiyyətlə məntiqə sığmır və heç bir fakta əsaslanmır.  Buna şahidliyi isə  jurnalisti bilavasitə döyən DSMF-nin Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyevin rəhbərliyi altında çalışan 11 işçisi təsdiq edib.  Aydın məsələdir ki, heç bir işçi öz müdirinin sözünün əksinə getməyəcək . İstintaq həmin şəxslərin rəhbərliyin təzyiqi ilə şahidlik etməsi barədə vəsadətlərimizi təmin etmək üçün heç bir istintaq eksperimenti aparmayıb, üzləşmə zamanı üzə çıxan ziddiyyətli ifadələri araşdırmayıb və istintaq aktına əlavə etməyib.
 
Əlimizdə şahidlik edən şəxslərin iştirakı ilə  idarədə yol verilən korrupsiya faktları, saxta əlillik sənədləri düzəltmələri kimi faktlar, sənədlər istintaqa təqdim edilib. Bu faktlar həmin işçilərin rəhbərliklərindən bilavasitə asılı olmalarına sübut kimi dəyərləndirilməli olduğu halda istintaq onlara ümumiyyətlə önəm verməyib.
 
Bundan əlavə jurnalistimizin döyülmə faktı DSMF Gədəbəy rayon şöbəsinin dəhlizində yerləşdirilən kamera qarşısında  baş versə də kamera görüntülərini də istintaq işə əlavə etməyib.
 
Yuxarıda deyilənləri nəzərə alaraq Zaur Qənbərov ölkə baçısı İlham Əliyevə müraciət edib və aclıq aksiyasına başlayıb.
 
"Mənim yeganə günahım Sİzin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində" hörmət"qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çox saylı əsaslandırılmış  sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq  ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”,  - deyə jurnalist prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirib.
 
Son olaraq Hüquq  mühafizə orqanlarının apardığı istintaq əməliyatları və gəldikləri nəticəni pisləyir, işi təkrar istintaqa yönəltməyi , yalançı şahidlik edənləri  cəzalandırmağı tələb edirik. Ölkəmizin hazırda üzləşdiyi son ağır zamanlarda istintaq orqanlarının gələcəkdə Avropa məhkəməsində baxılacaq  və ölkəmizə utanc gətirəcək yeni presidentə imkan açmaları  dövlətçiliyimizə  xəyanət kimi dəyərləndirilməli  və günahkarlar cəzalandırılılmalıdır. Ölüm aksiyasına başlamağa məcbur edilmiş jurnalistimizin həyatı faciə ilə bitərsə buna görə,  saxta istintaq aparan hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının məsul  şəxsləri məsuliyyət daşımalıdırlar".

RƏYLƏR