Gənc Müəllimlərin II Forumu keçirilib - FOTOLAR

OXUNUB: 541 QHT SOSİAL
7NEWS.az xəbər verir ki, 11 iyun 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Gənc müəllimlərin II forumu” keçirilib. Forumda ölkəmizin bir çox bölgəsindən olan 300 nəfər gənc müəllim, dövlət rəsmiləri- Azərbaycan Respublikası təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, millət vəkilləri Etibar Əliyev, Şahin İsmayılov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Amerikanın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının direktoru Tofiq Əhmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin, 20 təhsil işçisinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə Assosiasiya haqqında ətraflı məlumat vermiş və AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən bəhs edib.

Forum Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin ifası və dəyərli spikerlərin müxtəlif məzmunda çıxışları ilə davam etmişdir.

Tədbir gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşmışdır.




RƏYLƏR