Gənc rektor 2020-ci ildəki hədəflərini açıqladı: “Şəffaflığın artırılması üçün....”

OXUNUB: 1683 SOSİAL
"Universitet idarəçiliyində şəffaflığın daha da artırılması və ictimai hesabatlılığın təmin edilməsi üçün 2020-ci ildə MDU-nun yeni yaradılan İctimai Nəzarət Şurasının səmərəli fəaliyyət göstərməsinə nail olmağı düşünürük”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov deyib.

 O, 2020-ci ildə MDU-nun qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb:

"Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan  mərasimdə proqram xarakterli tarixi çıxışı zamanı möhtərəm Prezidentimiz  təhsil işçilərinin qarşısında qlobal çağırışlar və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla konkret vəzifələr qoydu. Həmin vəzifələrin yerinə yetirilməsi 2020-ci ildə Mingəçevir Dövlət Universitetinin (MDU) əsas hədəfləri sırasında prioritet yer tutacaq.

Düşünürəm ki, ali təhsil sistemində keyfiyyətcə yeni rəqabət mübarizəsi şərtlərinin bərqərar olması, universitetlərin missiyasının və inkişaf məqsədlərinin əhəmiyyətli dərəcədə dəyişməsi ali təhsil müəssisələri tərəfindən adekvat addımların atılmasını zəruri edir. Bu baxımdan, pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə yüksək ixtisaslı kadr hazırlığı aparan MDU-da 2020-ci ildə həyata keçirməyi nəzərdə tutduğumuz kompleks tədbirlər  həm milli və beynəlxalq ali təhsil məkanında baş verən trendlərə, həm də universitetin mövcud və potensial imkanlarına əsaslanacaqdır.

Yerləşdiyimiz regionun xüsusiyyətləri, real infrastruktur imkanları və mövcud kadr potensialı nəzərə alınmaqla, MDU-da tədrisin məzmununun təkmilləşdirilməsinə, nəticəyönümlü, ölçüləbilən və innovativ elmi fəaliyyətin təşkilinə, əməkdaşların müasir təlim metodlarından istifadə bacarıqlarının artırılmasına xüsusi diqqət yetiriləcək. Bundan başqa, universitet idarəçiliyində şəffaflığın daha da artırılması və ictimai hesabatlılığın təmin edilməsi üçün 2020-ci ildə MDU-nun yeni yaradılan İctimai Nəzarət Şurasının səmərəli fəaliyyət göstərməsinə nail olmağı düşünürük”.

Mingəçevir Dövlət Universiteti bu il tərəfdaşlarının sayını daha da artıracaq.

"Hədəflərimizə çatmaq və MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə qarşılıqlı faydalı tərəfdaşlıq konseptinin reallaşdırılması çərçivəsində 2020-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tuturuq.

Eyni zamanda, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn imkanlardan faydalanmağa çalışacağıq.

Tələbələrimizin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların könüllülük fəaliyyətinə aktiv cəlb edilməsi 2020-ci ildə MDU-dakı fəaliyyətimizdə mühüm yer tutacaq”.

Qeyd edək ki, Şahin Bayramov Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

RƏYLƏR