Gənclər Fondu və BP şirkəti birgə Azərbaycan Qış Məktəbini keçirir

OXUNUB: 972 SOSİAL

Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkəti birgə 28 fevral - 1 mart tarixlərində Bakı şəhəri Park Inn otelində 2020-ci il Enactus Azərbaycan Qış Məktəbini keçirir. Bu layihə Enactus Azərbaycan proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu gənclər siyasətində elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin gənclər arasında stimullaşdırılması prioritet məqsədlər hesab olunduğu üçün Gənclər Fondu "Enactus” Proqramının inkişaf etdirilməsi və Qış Məktəbinin hazırlanma prosesinə xüsusi diqqət göstərir.

Qış Məktəbinin açılışında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov çıxış etmişlər.

Bildirilmişdir ki, Enactus Azərbaycan Qış Məktəbi tələbələrdə biznes bacarıqlarını inkişaf etdirməklə sahibkarlığın təşviq olunması məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda silsilə təlimlər keçiriləcək, burada həmçinin dünya praktikasında olan ən uğurlu layihələr barədə məlumat veriləcək və interaktiv oyunlarla tələbələrə öyrəndikləri nəzəri bilikləri real həyatda tətbiq etmə imkanı yaradılacaqdır.

Qış Məktəbində Azərbaycanın 20 universitetini təmsil edən Enactus komandaları, ümumilikdə 150 nəfər iştirak edir. Tədbir zamanı hər komandanın öz layihə ideyalarını formalaşdırmasına fərdi dəstək göstərilir, sosial sahibkarlıq sahəsində peşəkar mütəxəssislər tərəfindən layihə planlarının yazılması, biznes və startapların idarə olunması, özünə məşğulluğun təmin olunması, layihənin uzun müddətli icra prosesində qarşıya çıxa biləcək problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı təlimlər keçirilməsi nəzərdə tutulur.

Tədbirin son günündə gənclərin tədbir haqqında olan təəssüratlarını öyrənmək üçün sorğu keçiriləcək və əyləncəli konsert proqramı təşkil olunacaqdır.

Qeyd olunmalıdır ki, Enactus Proqramı 1975–ci ildə ABŞ-da yaradılmış və indiyədək 72 000-dən artıq proqram iştirakçısı 2 milyondan çox insanın həyatını dəyişmiş və cəmiyyətə müxtəlif töhfələr vermişdir. Azərbaycan Enactus Proqramına 2005-ci ildən qoşulmuşdur. Proqram gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək proqramın əsas məqsədlərindən biridir. Dünyanın müxtəlif ölkələrində hər il keçirilən müsabiqələrin qalibi olan universitetlər Enactus Global tərəfindən ayrı-ayrı ölkələrdə təşkil olunan Enactus Dünya Müsabiqəsində öz dövlətini və universitetini təmsil edir. Azərbaycan Enactus milli komandası ötən il ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş "Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanaraq qrup liqasında qalib seçilmiş və yarımfinal mərhələsinə keçmişdir.

RƏYLƏR