Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

OXUNUB: 256 GÜNDƏM SOSİAL
 
7NEWS.az məlumatına görə, iclasla bağlı jurnalistlərə açıqlama verən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Müşahidə Şurasının iclası çərçivəsində əsasən Gənclər Fondunun 2019-cu il ərzində fəaliyyəti müzakirə olunub: "2019-cu il Gənclər Fondu üçün kifayət qədər məhsuldar olub. Bu il Fond tərəfindən Nizamnamə ilə qarşıya qoyulan bir sıra məqsədlər və proqramlar həyata keçirilib. Bu proqramlar sırasında xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqə, sosial müdafiəyə ehtiyacı olan gənclərin, tələbələrin təhsil haqqı xərclərinin qarşılanması üzrə müsahibəsinin nəticələri, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirakla bağlı gənclərin dəstəklənməsi, gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələri və hazırkı vəziyyəti, eyni zamanda Gənclər Fondu tərəfindən bu il həyata keçirilən xüsusi layihələr, yəni YayFest gənclərin yay düşərgəsi ilə bağlı təqdimat edilib, gənclər üçün xüsusi mobil tətbiq olan Gəncup-la bağlı arayış təqdim olunub. Bunlarla yanaşı, bugünkü iclas çərçivəsində Gənclər Fondunun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin həm regionlarda, həm də Bakıda yerləşən bölmələrinin fəaliyyəti müzakirə olunub".

F. Cəfərov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bütün şəhər və regionlarda yerləşən Heydər Əliyev mərkəzlərinin nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılmasına qərar verilib: "Bu sərəncamdan irəli gələn məsələlər də Müşahidə Şurasında müzakirə edilib".

Fərid Cəfərov bildirib ki, Gənclər Fondunun Müşahidə Şurası tərəfindən C kateqoriyası üzrə, yəni fərdi layihələr üzrə qrant müsabiqəsinin nəticəsi təsdiq edilib. Bu nəticələr 17 oktyabr tarixində Gənclər Fondu tərəfindən rəsmi olaraq dərc olunacaq.

Qeyd edək ki, iclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri - Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

RƏYLƏR