Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin növbəti məclisi keçirildi

OXUNUB: 343 SOSİAL
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sentyabrın 24-də hibrid formatda baş tutan növbəti məclisində ARGTMŞ-na üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.         

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan məclisə sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov üzv təşkilatları və nümayəndələri salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib.       

NAYORA-nın sədri Azər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi önəmi vurğulayaraq, ölkədə gənclərə yaradılan geniş imkanlar barədə məlumat verib, eləcə də Vətən müharibəsinin birinci ildönümünə sayılı günlər qaldığını və bununla bağlı ARGTMŞ-nin və gənclər təşkilatlarının müxtəlif tədbirlər həyata keçirəcəklərini qeyd edib.

Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə qurumun 2021-ci ilin mart ayından sentyabr ayına qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat verib.         

Tədbirdə üzvlük üçün müraciət edən "Abşeron Gənclərin İnkişafı” İctimai Birliyi, "Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi” İctimai Birliyi, "Gənc İnsan Hüquq Müdafiəçiləri” İctimai Birliyi, "Azəri Gənclər Alyansı” İctimai Birliyi, "Azərbaycan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi, "İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyinin fəaliyyətləri haqqında təqdimatlar nümayiş etdirilib.
 
Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn və oflayn formada səsvermə keçirilib, uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunub.

RƏYLƏR