Gənclərin dövlət qulluğu üzrə regional təlimlərinə Biləsuvardan start verilib

OXUNUB: 742 QHT
Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə "Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” maarifləndirici layihəsi çərçivəsində növbəti fəaliyyətə başlayıb.
 
Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə regional təlim – informasiya sessiyasına Biləsuvar rayonundan start verilib. 
 
Biləsuvar Gənclər Evində başlayan 3 günlük tədbirin rəsmi açılışında rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev, GİKM-nin regional nümayəndəsi Səbinə Hüseynzadə, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak ediblər.
 
Qonaqları salamlayan və təlimə uğurlar arzulayan L. Yüzbaşova bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd edib. Biləsuvar rayon Gİİ rəisi A. Quliyev və Gənclər Evinə yeni rəhbər təyin olunan S. Hüseynzadə layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildiriblər.
 
ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını və sonda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək təlimçilər üçün təlim kursuna dəvət olunacaqlarını vurğulayıb. 
 
Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqlayıb və eləcədə çap olunan materiallar haqda məlumat verib.
 
Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanılıb, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparılıb. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırılıb.
 
3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcək.
 
Regional təlimlər qrafikə uyğun Sabirabad, Qazax və Şəmkir rayonlarında da davam etdiriləcək. 
 
 

 
İcmal.Az

RƏYLƏR