“Ögey ana” və “Qayınana”: Başqa filmlərə yenidən bu adların qoyulması aranı qatdı

OXUNUB: 896 MƏDƏNİYYƏT

Kino tariximizdə hər kəsin yaddaşında iz qoymuş, böyükdən-kiçiyə hamının adını əzbərdən bildiyi filmlərimiz var - "Ögey ana”, "Qayınana” kimi... Bu şedevr filmlərin adlarını təsadüfən çəkmirik. Məsələ burasındadır ki, hazırda Azərbaycan telekanallarında eyniadlı yerli filmlər – seriallar nümayiş etdirilir.  "ATV"-də "Ögey ana”, "Xəzər” TV-də "Qayınana” seriallarının tamaşaçı auditoriyası yığıb-yığmadığı ayrı söhbətin mövzusudur.  İndilik ad seçiminə toxunmaq istərdik. Bu seriallara başqa ad fikirləşmək olmazdımı?

Ümumiyyətlə, bu hal nə dərəcədə düzgündür?

 Müəllif Hüquqları Agentliyindən Modern.az-a bildirilib ki, hər hansı ssenari əsasında çəkilmiş bədii film və ya teleserial eyni adla ola bilər: "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsinə əsasən, filmlər, teleseriallar müəlliflik hüququnun obyekti sayılan audiovizual əsər kimi, onların ssenariləri isə müəlliflik hüququnun obyekti olan ədəbi əsər kimi qorunur. Hər hansı ssenari əsasında çəkilmiş bədii film və ya teleserial eyni adla ola bilər, çünki adlar (ümumiyyətlə, hər hansı ad) müəlliflik hüququnun obyekti deyil. Sadəcə, eyni adla çəkilmiş filmin və ya teleserialın ssenarisi digərindən fərqlənməlidir”.

 Adıçəkilən yerli serialların rejissorları da bu barədə açıqlama veriblər.

"Qayınana” serialının rejissoru Rüfət Şahbazov: "Aramızda qalsın” serialından sonra yeni layihəyə başlamaq istədik. Bilirsiniz, "Aramızda qalsın”da türk serialı "Çocuklar duymasın”dan yararlanmışdıq. Növbəti layihəmizdə yerli filmlərə müraciət etmək istədik və fikirləşdik ki, "Qayınana” filmindən yararlanaq. "Qayınana”  hər kəsin sevdiyi bir filmdir. Biz sistem olaraq bu filmdən yararlandıq, xarakter olaraq yox.  Çünki  Nəsibə Zeynalovanın  yaratdığı obrazı əvəz etmək mümkün deyil. Bu baxımdan, gəlininin adını, yəni "Afət”i götürdük. Bu rolu da gözəl aktrisamız Sənubər İsgəndərli ifa etdi. Şükür, serial  tamaşaçılar tərəfindən bəyənildi və dövrünün ən yaxşı serialından oldu. Serialın adı ilə bağlı hər hansı problemimiz olmadı. Bizdən böyük rejissorların, yaradıcı insanların, tamaşaçıların rəğbətini qazandı, nəinki hər hansı tənqid”.

"Ögey ana” serialının rejissoru Qulu Əsgərov: "Serial  "Ögey ana” filmi ilə eyni sujet xəttinə malikdir. Bu səbəbdən adını belə qoymuşuq.  Amma serial 160 bölüm olacaq və getdikcə sujet xətti dəyişiləcək. Həmçinin serial "Ögey ana” filminin 60 illiyinə həsr olunub”.

"Ad tapa bilmirlərsə, gəlsinlər, onlara deyim”

Kinorejissor, aktyor  Əbdül Mahmudbəyov düşünür ki, iki eyniadlı yaradıcılıq məhsuluna ehtiyac yoxdur: "Rejissorlar başlarını çox yaxşı işlədirlər. Azərbaycan filmlərinin adları ilə imic formalaşdırmaq istəyirlər. Əgər bir məmləkətdə, bir mədəniyyət mərkəzində, bir ölkədə möhtəşəm tarixi, ənənəsi olan kinostudiyanın dünyaca məşhur olan "Ögey ana”, "Qayınana” kimi filmləri varsa, bu gün onu eybəcər formada təhrif etməyin, camaatı çaş-baş salmağın nə mənası var ki?

Əgər mən onların, həqiqətən də, qeyri-adi serial ortaya qoyduqlarını görsəydim, o zaman normal qəbul etmək olardı. Heç olmasa bu serialları  "Qayınana - 2” yaxud mötərizədə hansısa əlavələrlə təqdim edərdilər.  Yəni məsələnin çıxış yolları var. Kino yüz illərlə yaşayan sənətdir. Bu günün insanları, istər yaşlı, istərsə də gənc nəsil hələlik bu hadisələri bilir və görür. Lakin 50-100 ildən sonrakı nəsillər nə biləcək? Onlarda seriallarla kinoların adı eyni olduğu üçün  çaşqınlıq yaranacaq və düzgün məlumata sahib olmayacaqlar. İki eyniadlı məhsula nə ehtiyac var axı? Ad tapa bilmirlərsə, gəlsinlər, onlara deyim”.

"Gül kimi mədəniyyətimizi  gözdən salıb, camaatı çaş-baş salırlar”

Ə.Mahmudov bildirib ki, serialı çəkənlər bir əlamət təqdim etməlidirlər ki, tamaşaçılar birini o birindən ayıra bilsinlər: "Digər tərəfdən qeyd edilən Azərbaycan filmləri adları ilə öz lazımi səviyyələrini artıq tutublar. Dəfələrlə biabırçı serialların çəkilişinə görə pul verənləri tənqid etmişəm. Əgər onların, doğrudan da, kitab çap etdirməyə, serial çəkməyə, film ərsəyə gətirməyə həvəsləri varsa, bunu peşəkar insanlara həvalə etsinlər. Xalqdan qazandıqları pulu bu cür sərf edirlər, amma ortada bir şey yoxdur. O şey ki, tariximizlə, mənəviyyatımızla, mədəniyyətimizlə bağlıdır, burada heç bir müstəqillikdən söz gedə bilməz. Bunlara dövlət səviyyəsində nəzarət və qayğı olmalıdır. Gül kimi mədəniyyətimizi  gözdən salıb, camaatı çaş-baş salırlar.

Elə şeylər var ki, halal xoşları olsun, etsinlər. Lakin kinomuzu, tariximizi, mədəniyyətimizi pis günə qoymaq lazım deyil. Hər şeyi bağışlamaq olar, amma bunu yox. Onsuz da mədəniyyətimizi düşmənlərimiz çapıb-talayır. Bu azmış kimi, içimizdə də buna şərait yaradırlar. Belə hal yolverilməzdir. Dediyim kimi, bunun həlli yolları var. Serialı çəkənlər bir əlamət təqdim etməlidirlər ki, tamaşaçılar birini o birindən ayıra bilsinlər”.

"Rejissorlar nostalji hisslər oyatmaq üçün o adlara müraciət ediblər”

Xalq aristi, rejissor Ramiz Həsənoğlu qeyd edib ki, bu cür halın baş verməsi, əslində, faciə deyil:

"Sadəcə, hesab edirəm ki, rejissorlar köhnə adla öz işlərini irəli aparmaq istəyirlər. Yəqin ki, addan başqa heç bir şeylə cəzb edə bilmirlər. Seriallara baxmadığım üçün onların keyfiyyəti haqqında söz deməyə çətinlik çəkirəm. Əlbəttə, özünə, yaradıcılığına hörmət edən adam bu cür asan yola əl atmamalıdır. Bu, mənim fikrimdir.

Unutmayaq ki, tamaşaçılar təkcə evdar qadın deyil. Onlar gənc nəsil də ola bilər. Bilirsiniz, yaşlı nəsil köhnə filmləri görüb. Düşünürəm ki, rejissorlar onlarda nostalji hisslər oyatmaq, yenidən o illərə qayıtmaq üçün mövcud olan Azərbaycan filmlərinin adlarına müraciət ediblər.

Hər şeydən əvvəl gənclər peşələrinə yiyələnib daha sonra bu işlə məşğul olmalıdırlar. Mən bütün rejissorları qaralamaq fikrində deyiləm, amma seriallara iki-üç dəqiqə baxandan sonra onların savadını müəyyən etmək olur. Bu, ssenarist,  rejissor,  aktyor - yəni bütün yaradıcı kadrlara aiddir. Təcrübə hər şeyin aynasıdır. Ümid edirəm ki, onlar tamaşaçıların başında dəlləklik etməklə peşələrini  hansısa yerə gətirib çatdıracaqlar. Bəlkə, bundan sonra nəsə edə bilərlər”./oxu

İcmal.Az

RƏYLƏR