Gömrük Komitəsi əməliyyat keçirdi

OXUNUB: 263 HADİSƏ

Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsir edən maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, gömrükçülər İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan "Tramadol" adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan "Metadone" adlı narkotik vasitə aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Digər bir fakt isə Biləsuvar Gömrük İdarəsində qeydə alınıb. İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin vətəndaşın üzərində, pencəyinin cibində olan sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə 1 ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar edilən 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.

Hər iki faktla bağlı araşdırma aparılır.

İcmal.Az


RƏYLƏR