“Göstərilən etimadı doğrultmağa çalışacağıq”-Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək

OXUNUB: 873 SİYASƏT

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva Asiya Parlament Assambleyasında (APA) Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olacaq.

7News.Az-ın xəbərinə görə, xanım Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq, adıçəkilən təşkilatda təmsil olunacaq.

Məsələ ilə bağlı açıqlama verən Qənirə Paşayeva belə bir etimada görə MM rəhbərliyinə minnətdarlığını ifadə edib:

"Ölkəmizi Asiya Parlament Assambleyasında layiqincə təmsil etmək üçün həmkarlarım Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə bütün gücümüzlə çalışacağıq. Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad gostərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm.

Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarımla birlikdə yorulmadan çalışacağıq”.

7News.Az

RƏYLƏR