"Günümüzün gündəmi" - ANAR RƏHİMOV YAZIR - “Gün doğuşdan bəllidir”

OXUNUB: 1101 Özəl AZƏRBAYCAN SOSİAL

Yazıya atalar sözləri ilə başladım və mövzum da bu günün əsas xəbərləridir. Elə atalar yaxşı deyib – "Xəbəri uşaqdan öyrən”. Xəbəri saytlardan öyrənsək də, uşaqlarla başlayaq. 15 və 29 mart tarixlərində keçiriləcək imtahanlar təxirə salınıb. Səbəb isə, koronavirusla bağlı profilaktik tədbirlərdir. Xəbər müxtəlif məsələlərlə diqqəti çəkir. Koronavirus adi qrip növüdürsə, bunca təlaşa nə lüzum var? Sual yaranır ki, bu işlər "Ehtiyyat igidin yaraşığıdır”, yoxsa "qlobal panika” siyasətinin sujet xətti naminə görülür. 

 



Başqa xəbərə gəlsək, ötən gün 22 cinayətin üstü açılıb. Saxlanılanlar arasında 3 nəfər borca görə axtarışda imiş. Istintaqa cəlb olunanlardan oğurluq edənlər də var. Bu tip məlumatların yayılması ölkədə gedən inkişafa düşə biləcək kölgəyə oxşayır. Çünki xəbərlə tanış olan oxucu dərhal deyinir ki, "camaat neyləsine, pul yoxdur” və belə səpkili informasiyaları, hesabatları kimlərsə əks hesabat kimi istifadə edə bilər. 

 



Daha bir maraqlı xəbər isə, Xırdalan yarımstansiyasının yenidən qurulmasıdır. "Azərenerji” ASC-nin məlumatına görə, 1953-cü ildə tikildiyindən istismar müddətini çoxdan keçən yarımstansiya, əhalinin o cümlədən iqtisadiyyatın artan tempini qarşılamaq, qəzaların qarşısını almaq, itkiləri azaltmaq, eyni zamanda paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi məqsədilə avadanlıqlar bütün parametrlər üzrə yenilənir. İstismar müddətini çoxdan keçən yarımstansiya! Niyə sualı yaranır və başqa heç nə?! 

 



Günümüzün gündəmi əlbəttə ki, Parlamentin ilk iclasıdır. Belə ki, prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında iştirak edib. Yeni spiker və müavinlər seçilib. Deputatlara səs verən seçicilərin də yeni gözləntiləri var. Ölkədə aparılan ardıcıl islahatlar da onsuz da xalqın təlabatının ödənilməsinə, Azərbaycanın daha da inkişafına hesablanıb. Loru dildə desək, hamı bal kimi həyat istəyir. 

 



Bal demişkən, xəbərlərin birində ölkəmizdə keçən il 5.8 min tona yaxın bal əldə olunduğu yer alıb. Bununla yanaşı kifayət qədər mum, qarəmum, güləm və arı balı da hazırlanıb. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya müəyyən edilməsi, Azərbaycanda arıçılığın inkişafına müsbət təsirini göstərib. Bəlkə də, çünki ötən il bal yemədiyimdən, başım dünyada arıların kütləvi tələf olması haqqında yazılara qarışdığından işin dəqiqliyinə gedə bilmirəm.  Lakin onu bilirəm ki, müxtəlif ərazilərə görə qiymət dəyişsə də, balın sağlamlığa faydası çoxdur. Qənaət yaxşı vərdişdir, amma sağlamlığınıza ekonom etməyin. 

 



Qənaət və insanların pul itkisinə gəlincə, əhali əsasən növbəti devalivasiyadan narahatdır. Çünki istər dünən, istərsə də bu gün dərc olunan xəbərlərdə "Azeri Light” markalı neftin ucuzlaşmasını görmək olar. Hətta dünən bəzi dost-tanış əlində olan milli valyutanı dollara çevirmək cəhdləri edirdi. Məqsəd manat və dollar arasındakı müqayisənin artacağı təqdirdə, bir neçə yüz, kimlərdəsə min, on min və s. xeyir götürməkdir. Əslində əlavə gəlir mənbəyi qulağa pis gəlmir, lakin artıq pula görə, manatın məzənnəsinin aşağı düşməsini arzulamaq xoş olmaz!

 


RƏYLƏR