Gürcüstan hökuməti Ukraynadakı səfirlə bağlı qərarını belə izah etdi

OXUNUB: 984 DÜNYA

Gürcüstanın öz səfirini Ukraynadan geri çağırması barədə qərarı iki ölkə arasında münasibətləri avantürist siyasətçilərdən qorumaq məqsədi daşıyır.

İcmal.az xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada Gürcüstanın Baş naziri Georgi Qaxariya söyləyib.

"Biz səfirimizi iki ölkə arasında münasibətləri avantüristlərdən qorumaq məqsədilə məsləhətləşməyə dəvət etmişik. Necə edək ki, iki qardaş xalq arasında olan strateji və qardaşlıq əlaqələri avantürist siyasətçilərin şəxsi ambisiyalarına görə risk altına düşməsin”, - deyə G.Qaxariya bildirib.

Baş nazir qeyd edib ki, Ukrayna ilə Gürcüstanın strateji münasibətlərinə heç bir təhlükə yoxdur və məsuliyyətsiz siyasətçilərin ucbatından bu strateji tərəfdaşlıq sual altına qoyula bilməz.

Xatırladaq ki, V.Zelenski Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı vəzifəsinə təyin edib. Buna cavab olaraq, Gürcüstan hökuməti Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

RƏYLƏR