Gözəl Bayramlının saxlanma səbəbi açıqlandı – RƏSMİ

OXUNUB: 774 SOSİAL

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı Gürcüstan ərazisinə geçmək istəyərkən dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İcmal.Az xəbər verir ki, bu barədə müxalif Milli Şuranın üzvü Oqtay Gülalıyev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Gözəl Bayramlı Qazaxdakı sərhəd-keçid məntəqəsində saxlanılıb.

Saxlanılan şəxsin vəkili Elçin Sadıqov mətbuata açıqlamasında cinayət işinin Dövlət Sərhəd Xidmətinin icraatında olduğunu bildirib.

DSX-nın Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. 

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR