“Hacı Mazan” vətəndaşı evində döydürdü- VİDEO

OXUNUB: 685 HADİSƏ
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək köynəyi cırılmış halda onu "Hacı Mazan” və ətrafındakı şəxslərin döydüyünü bildirib.

Vətəndaş iddia edib ki, iş adamı və ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar.

Bundan başqa, şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn "Xəzər” televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı "Hacı Mazan” mikrofonu müxbirin əlindən dartaraq alıb. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışıb.



"Hacı Mazan”

Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:

"Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov 4c ünvanında "İnam Bayram” MTK-ya məxsus binada yaşayıram. Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün "Hacı Mazan” və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var. Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm. Ümid edirəm təqsirkarlar cəzalanacaq”.

Qeyd edək ki, "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.





RƏYLƏR