Hacı Məmmədov özünü öldürdü – VİDEO - YENİLƏNİB

OXUNUB: 1236 GÜNDƏM HADİSƏ

Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

İcmal.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, H. Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş.

H. Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.

H. Məmmədovun ağrılara dözmədiyi üçün canına qəsd etdiyi ehtimal edilir.  

Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

***

10:33

Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a H.Məmmədovun vəkili olmuş Afət Qazıyeva bildirib.

O qeyd edib ki, H.Məmmədovun meyiti yaxın müddətdə ailəsinə təhvil veriləcək: "Lakin onun nəşinin ailəsinə nə vaxt təhvil veriləcəyi ilə bağlı hələlik bizə heç nə deməyiblər. Yaxın saatlarda bizə bu barədə məlumat veriləcək".

***

10:19

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən bacısı Arifə Məmmədova deyib ki, hələ də yaxınlarına rəsmi məlumat verilmir: "Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. 

Dünən axşam da danışdım, bu gün də bir az əvvəl danışdıq. Cavab verdilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik. 

İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi”. 

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

***

3 dekabr, 23:36

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. 

İcmal.Az xəbər verir ki, Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib. 

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda hadisə yerində  Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. 

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. 

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

İcmal.Az

RƏYLƏR