Hacıkənddə qoz ağaclarını kəsib taxta sexlərinə daşıyırlar -FOTO

OXUNUB: 359 HADİSƏ

"Quldur dəstələri Hacıkənddə at oynadır. Aşkar şəkildə çoxillik qoz ağaclarını kəsib taxta istehsalı sexlərinə daşıyırlar. Kəpəz rayon İcra Hakimiyyəti də, Ərazi Ekologiya şöbəsi də buna göz yumur”.

Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsinin sakinləri danışırlar ki, mayın 1-də qəsəbədə - qədim Alban kilsəsi ətrafındakı 19 ədəd çoxillik qoz ağacı kəsilib. Sakinlər iddia edirlər ki, ağaclar Ekologiya şöbəsinin, Bələdiyyənin, İcra hakimiyyəti rəhbərliyinin gözü qarşısında kəsilir.

"Burda baş verənləri hamı görür, bilir. Hamı pulunu alıb, üzünü o tərəfə çevirir. İri diametrli, uzunillik, yaş ağaclar idi, o ağacladan hər il 1 tona yaxın qoz yığılırdı. Kasıb-kusub gəlib o ağacdan qoz dərib yeyirdi. Ağaclar kəsiləndə bütün qurumlara məlumat verdik, fotoları, videoları çəkib qurumlara göndərdik, Ekologiya Nazirliyinin "qaynar xətt”inə məlumat verdik, eləcə dedilər, tədbir görüləcək, Mayın 1-dən bu günədək şikayət etmədiyimiz qurum qalmayıb, ancaq heç bir tədbir görülmür”, - sakinlər danışır.

Sakinlərin deməsinə görə, ərazi 170 metr uzunluğu, 6 metr enində qazılıb, betonlanıb. Məqsədsə heç kəsə bəlli deyil:

"Ağaclar kəsilməmişdən 1 gün əvvəl gördük ki, orada traktor işləyir, başa düşdük ki, ağacları kəsməyə hazırlaşırlar, çünki bu, birinci hal deyildi. Yaxınlaşıb xəbərdarlıq etdik ki, bu ağacları kəsmək olmaz, kəndlilər bu ağaclardan məhsul götürür, üstəlik də, ağac kəsmək cinayətdir. Ərazi Ekologiya şöbəsinə xəbər elədik, şöbədən gəldilər, nə danışdılar, nə danışmadılar, çıxıb getdilər. Sabahı gün qarşısını almaq üçün cəhdlərimizə baxmayaraq, 19 ağac kəsildi. Biri həyətində bir ağacın budağını kəsəndə Ekologiya şöbəsinin işçiləri tökülüşür, vətəndaşı qanunla hədələyir, cərimə yazır, ancaq hamının gözü qarşısında bar verən 19 qoz ağacı kəsildi, nə hadisə yerinə çağırdımız polis gəldi, nə "qaynar xətt”inə zəng vurduğumuz Ekologiya və Təbii Sərvətlər Nazirliyi maraqlandı”.

"Bulağın ətrafı zibilliyə çevrilib”

Hacıkənd qəsəbəsi dağətəyi ərazidə yerləşir. Buranın içməli suyu dağdan süzülüb gəlir. Qəsəbəyə gələn su bulağının ətrafı isə zibilliyə çevrilib. Sakinlər deyir, zibillərin yığışdırılması ilə bağlı İcra nümayəndəliyinə dəfələrlə müraciət etsələr də, tədbir görmür:

"Prezident hər gün çıxışlarında deyir ki, İcra Hakimiyyətinin başçısı ağa deyil, xalqın xidmətində dayanmalıdır, Ancaq İcra başçıları Prezidentin sözünü saymır. Özlərini xan kimi aparırlar. İşığımız, yolumuz yoxdur. Kəndin içməli suyu çirkləndirilir. Kəndə su bulağının hər iki ətrafı zibillikdir, su zibilxananın ortasından axıb gəlir, biz də o sudan istifadə etmək məcburiyyətindəyik. Hökumət koronavirusa görə narahatdır, ancaq ondan da təhlükəli infeksiya, xəstəlik zibillikdən süzülüb gələn o içdiyimiz sudadır. Hansı məmurun üstünə tələblə gedirsən, deyir, get, kimə istəyirsən şikayət elə, məni bura filan nazir qoyub, arxam güclüdür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən MeydanTV-yə bildirilib ki, Gəncə şəhəri, Kəpəz rayonu Hacıkənd qəsəbəsində ağacların kəsilməsi ilə bağlı quruma daxil olan məlumat araşdırılıb. Araşdırma zamanı Şahin Ələkbərov adlı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində yaşıllıqların götürülməsi qaydasının tələblərinin pozulduğu və bir neçə ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı onun cərimə olunması və kəsilmiş ağacların yerinə 100-ə yaxın ağacın əkilməsi, onlara aqrotexniki qulluq göstərilməsi üçün protokol tərtib olunub.

 


RƏYLƏR