"Hazırda ilk üçlükdəyik, hədəfimiz birinci olmaqdır" — ARB rəsmisindən iddialı AÇIQLAMALAR

OXUNUB: 891 SOSİAL
Bu gün ARB TV-nin üç yaşı tamam olur.


Doğrudur, telekanal bu adla ötən ilin sentyabrından fəaliyyət göstərsə də, artıq üç ildir ki, tamaşaçıların ixtiyarındadır. Bu müddət ərzində telekanal hansı uğurları qazanıb və daha hansı layihələrin gerçəkləşdirilməsi düşünülür. ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov deyir ki, telekanal yeddi ay ərzində düşündüklərindən daha böyük uğur qazanıb:

"Regin TV 10 may 2014-cü il tarixində altı region televiziyasının təsisçiliyi ilə yaradıldı və Milli Teleradio Şurasının elan etdiyi tenderin qalibi oldu. İki ildən artıq müddətdə Region TV adıyla fəaliyyət göstərdi. Üzərinə götürdüyü öhdəliklər-region həyatının daha çox işıqlandırılması və digər məsələlər vardı. Tam olaraq bu işlərin öhdəsindən gəldi. Sonra rebrendiq edib, adını dəyişməyə və daha böyük auditoriyanı hədəflədi. Ötən ilin sentyabr ayının 19-da kanalın adı  dəyişib ARB oldu. Bu da daha böyük auditoriya ilə təmas qurmaq üçün atılan addım idi. Yeddi ayın içərisində sıfırdan bir telekanal quruldu".

İ.Həsənov bildirir ki, hazırda ARB-nin efirində hər kəsin baxa biləcəyi veriliş var:

"İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Yeddi ayda gözlədiyimizdən daha yüksək nəticə ala bildik. Kifayət qədər auditoriyamız, veriliş rəngarəngliyimiz var. Demək olar ki, hər kəsin baxa biləcəyi məhsul var efirimizdə. Amma bu uğur bizi arxayınlaşdırmır. Əslində, hədəfimiz daha böyükdür. Məsələn, biz tenderin qalibi olanda MTRŞ bizə altı ay vaxt vermişdi. Amma biz altı ayı üç dəfə qısaldıb, üç ayın tamamında-məhz 10 may günü efirə çıxdıq. Bu gün biz fevral-mart ayında topladığımız auditoriyanı mövsümün sonunda-iyunun axırında düşünürdük. Hədəfimizi iki-üç ay da buradan qabaqladıq və bu bizə stimul verir".

Həmsöhbətimizin sözlərinə görə, ARB hazırda ölkə teleməkanının ilk üçlüyündə qərarlaşır. Təbii ki, söhbət reytinq sıralamasından gedir:

"Reytinqimiz bizi qane edir və deyə bilərik ki, hazırda Azərbaycan teleməkanında ilk üçlükdəyik. İndilikdə məqsədimiz budur. Reytinq dəyişkən məsələdir. Amma ümumi götürsək, ilk üçlükdəyik və hədəfimiz bu yeri qorumaqdır. Əsas hədəfimiz isə birinci olmaqdır. Ancaq buna zaman lazımdır. Televiziya canlı strukturdur. Nəzərə alaq ki, altı aya sıfırdan kanal qurmuşuq". 

Görəsən yeni mövsümdə telekanalın yeni transferlər etməyi mümkündürmü? Həsənov bunu da istisna etmir. Deyir ki, əgər büdcə imkan versə, daha bahalı transfer edəcəklər:

"Televiziya mövsümü bitdikdən sonra iyul ayında qərar verəcəyik ki, hansı verilişləri bağlayırıq, hansıları açırıq. Yeni verilişlərə maraqlı simalar lazım olacaqsa, digər telekanallardan transferlər edə bilərik. Bu transferlər bahalı olsa belə, büdcəmizə uyğun olsa gerçəkləşdirəcəyik. Zaman-zaman görmüşük ki, bir aparıcı bu telekanalda uğur qazanır, eynisini digər telekanalda təkrarlaya bilmir". 
 
İcmal.Az

RƏYLƏR