Heydər Əliyev – həm də müasir Azərbaycan Ordusunun qurucusu!

OXUNUB: 968 SİYASƏT
Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan tarixi hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyununda xalqımızın təkidi və arzusu ilə dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı gerçəkləşib və bununla da müstəqil dövlətçiliyimiz üçün həlledici mərhələ baş verib. Ulu Öndərin hakimiyyətə gəlişi həmin dövrdə bizə hava-su kimi vacib idi, çünki daxili və xarici təhdidlərlə üz-üzə qalan Azərbaycan müstəqilliyini itirmək təhlükəsinə məruz qalmışdı.

Təcrübəli siyasi liderin ölkəmizdə həyata keçirdiyi islahatlardan, onların tarixi əhəmiyyətindən bu vaxta kimi çox danışılıb, çox yazılıb. Bu yazıda isə Azərbaycan Ordusunun yaranması və formalaşması üçün əhəmiyyət kəsb edən faktorlardan söhbət açmaq istərdim. Heydər Əliyev hələ keçmiş Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik edəndə Azərbaycanda hərbi ənənələrin inkişaf etdirilməsi üçün böyük işlər görmüşdü. Ali hərbi məktəblərimizin birində rastlaşdığım yaşlı bir polkovnik Ulu Öndərimizlə ötən əsrin 70-ci illərində baş tutan bir görüşünü xatırlamışdı. O deyirdi ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin ediləndən sonra ilk maraqlandığı sahələrdən biri milli hərbi kadrların hazırlığı olub. Bir gün onun xidmət etdiyi hərbi təhsil müəssisəsinə gələn birinci katib burada təhsil alan azərbaycanlı kursantlarla maraqlanır. Məktəbdə cəmi 5-10 nəfər azərbaycanlının oxuduğunu biləndə xeyli məyus görkəm alır. Həmin görüşdən bir müddət sonra Bakıda indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə siyasi qərar verilir. Həmin dövrdə Moskvadan belə bir razılığın əldə olunması böyük siyasi qətiyyət və cəsarət tələb edirdi, çünki SSRİ Müdafiə Nazirliyinin rəsmiləri ucqar milli respublikalarda hərbə marağın yaranmasına imkan vermirdilər. Məhz belə çətin vaxtda Azərbaycanda yeni tipli hərbi məktəbin açılması gənc nəslin hərbi peşələrə yiyələnməsində mühüm əhəmiyyət kəsb etdi. Bəlkə də bu təhsil ocağının yaradılmasına nail olan Ümummilli Liderimiz Azərbaycanın nə vaxtsa müstəqil bir dövlət olacağını düşünmüşdü və böyük uzaqgörənliklə bu arzusunu həyata keçirməyə qətiyyət göstərmişdi. Bununla yanaşı həmin dövrdə ittifaqın müxtəlif hərbi məktəblərinə göndərilən yüzlərlə azərbaycanlı gəncə də məhz Heydər Əliyev xeyir-dua vermişdi. İstər C. Naxçıvanski adına hərbi məktəbi bitirənlər, istərsə də SSRİ-nin müxtəlif şəhərlərində hərbi təhsil alan gənclər müstəqillik illərimizdə Azərbaycan Ordusunun formalaşmasına dəyərli töhfə verdilər. Həmişə dahi rəhbər belə gənclərimizi öz övladları kimi sevirdi, hörmət bəsləyirdi. O gənclərlə görüşlərində daim vətənpərvərliyi təbliğ edər, hərbçi peşəsinin nə qədər müqəddəs və gərəkli olduğunu bildirərdi. Yaxşı xatırlayıram, bir dəfə Respublika Sarayında C. Naxçıvanski adına Hərbi Liseyin yubiley mərasimi keçirilirdi, mən də həmin tədbirdə iştirak edirdim. Görüşdə çıxış edən Ulu Öndər zalın böyük bir hissəsində əyləşən yeniyetmə kursantları görəndə sevindi və onlara xitabən bildirdi ki, sizləri öz övladlarım kimi sevirəm, çünki o çətin dövrdə bu məktəbin ölkəmizdə yaradılması üçün böyük zəhmət çəkmişdim. Bəli, Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunması yolunda həyata keçirdiyi mühüm islahatların bünövrəsi məhz bu ibtidai hərbi məktəbin yaradılması ilə başlamışdı.

Nəhayət 1993-cü ilin təlatümlü yay günlərinin birində Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq geridə qalan ömrünü xalqına, millətinə həsr etdi. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deyən dahi siyasətçinin bu sözlərində böyük həqiqət vardır. Axı Heydər Əliyev ictimai-siyasi sabitliyin pozulduğu bir vaxtda həyatını təhlükəyə ataraq Azərbaycan dövlətinin rəhbərliyinə qayıtmasaydı, müstəqilliyimiz qorunub saxlanmazdı. Təcrübəli rəhbər yaxşı bilirdi ki, sərhədlərimizin erməni hərbi birləşmələri tərəfindən təcavüzə məruz qaldığı çətin dövrdə nizami, döyüşkən ordunun yaradılması hər şeydən vacib idi. Və bu məqsədlə xalqa müraciət etdi, gəncləri könüllü surətdə ordu sıralarına yazılmağa, Vətənimizi müdafiə etməyə səslədi. Həmin çağırışdan ruhlanan minlərlə azərbaycanlı döyüşçü arasında isə bir vaxtlar onun xeyir-duası ilə hərbçi olmağa qərar vermiş çoxsaylı zabitlər də var idi. Bu peşəkar hərbçilər Azərbaycanın ilk müstəqillik dövründə Silahlı Qüvvələrimizin formalaşması üçün yorulmadan çarpışdılar. Onların arasından onlarla, yüzlərlə zabit Vətənimizin düşmən hücumlarından qorunması uğrunda hərbi əməliyyatlarda şəhid oldu.

Azərbaycan Ordusunun çox çətin bir şəraitdə, yəni torpaqlarımızda müharibə getdiyi bir dövrdə yaranması mühüm hərbi islahatların qısa müddət ərzində həyata keçirilməsini tələb edirdi. Həmin illərin müasiri olanlar yaxşı xatırlayır ki, ilk ordu quruculuğu prosesində ciddi problemlər mövcud idi. Nizam-intizama və qanunlara əməl edilməyən orduda fərarilik kimi ən ağır hərbi cinayət xarakterik hala çevrilmişdi. Bu cür təhlükəli cinayətə yol verən minlərlə gənc həbsxana divarları arxasında çürüyürdü, bəlkə də onların əksəriyyəti bilməyərəkdən, hərbi bölmələrdə nizam-intizam, vahid komandanlıq olmadığı üçün fərarilik etmişdilər. Heydər Əliyev humanizm prinsiplərini əldə rəhbər tutaraq bir neçə dəfə Amnistiya aktının qəbul edilməsi üçün ölkənin qanunvericilik orqanı qarşısında nəcib təşəbbüslə çıxış etdi. Və Milli Məclisin qəbul etdiyi qərarlardan sonra minlərlə gənc həbsdən azad edilərək sağlam cəmiyyətə qovuşdu. Sonradan onların bir çoxu torpaqlarımızın işğalçılardan qorunmasında iştirak etdi, onların sırasından şəhid olanlarına da az təsadüf olunmadı.

1993-cü ilin yayından Azərbaycanın ordu quruculuğunda aparılan məqsədyönlü islahatlar peşəkar, vahid komandanlıqdan idarə edilən döyüşkən hərbi bölmələrin yaradılmasına səbəb oldu. Və tez bir vaxtda cəbhə xəttində hərbi üstünlük Azərbaycanın xeyrinə dəyişdi. Beyləqan-Füzuli istiqamətində Ordumuzun uğurlu hərbi əməliyyatları indiki Horadiz şəhəri daxil olmaqla 22 yaşayış məntəqəsinin erməni qəsbkarlarından azad olunması ilə nəticələndi. Əslində Cəbrayıl rayonunun inzibati ərazi vahidi olan Cocuq Mərcanlı kəndi də həmin vaxt işğaldan azad edilmişdi, amma yaxın yüksəkliklərin düşmən əlində olması kənd əhalisinin dinc yaşamasına gerçək təhlükə idi. 2016-cı ilin qısamüddətli aprel döyüşləri nəticəsində bu ərazilərin Ermənistan ordusunun nəzarətindən azad edilməsi ilə hazırda insanlar əmin-arxayın ata-baba ocaqlarında yaşayır, təsərrüfat qayğıları ilə məşğul olurlar.

Azərbaycan Ordusunun məlum Aprel zəfəri, iki il sonra Naxçıvanda baş verən uğurlu Günnüt əməliyyatı bir həqiqəti sübuta yetirdi ki, müasir dövrdə hərbi sahədə qazanılan uğurlarımız əsası Heydər Əliyev tərəfindən yaradılan ordu quruculuğu strategiyasının məntiqi davamıdır. Həqiqətən də Ulu Öndərin müasir ordumuzun formalaşması istiqamətində başladığı hərtərəfli islahatlar onun siyasi məktəbinin layiqli yetirməsi olan Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2003-cü ildə Azərbaycan xalqının siyasi iradəsi və yekdil rəyi ilə Prezident seçkilərində böyük səs çoxluğu qazanan dövlət başçımız bəyan etdi ki, hakimiyyətə seçildiyi ilk günlərdən onun siyasi kursunun əsas prioritet istiqamətlərindən biri məhz Azərbaycan Ordusunun daha da inkişaf etdirilərək dünyanın qabaqcıl orduları sırasında yer tutmasına hesablanıb. Bu məqsədlə son 17 il ərzində böyük işlər görüldü, ölkəmizin hərbi qüdrətinin gücləndirilməsi məqsədilə hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və texnikalar alındı və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirildi. Artıq böyük inamla qeyd etmək lazımdır ki, müasir Azərbaycan Ordusu Vətənimizin müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı dayağıdır.

 
7News.Az

RƏYLƏR