Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbər seçilməsindən 49 il keçir

OXUNUB: 1519 index-manşet SİYASƏT
Bu gün Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsindən 49 il keçir.
 
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

 

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.

Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər: faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı.

Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.

Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.

Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.

Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə – Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi "Qoy ədalət zəfər çalsın” şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. İllər biri-birini əvəzlədikcə, zaman fasiləsi böyüdükcə bu xidmətin  böyüklüyü  daha aydın görünür,  yüksək dəyərləndirilir. Bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, ümummilli liderin 1969-1982-ci illərdəki fəaliyyəti  böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bugünkü Azərbaycan məhz həmin dövrdə  yaradılan  möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm  ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. İlk hakimiyyəti dövründə  ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirən dahi şəxsiyyət  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyasının, davamlı inkişafın əsası kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Bu gün fəxrlə qeyd etdiyimiz «Azərbaycanın iqtisadi inkişafı möcüzədir» fikri məhz  düşünülmüş və məqsədyönlü siyasətdən qaynaqlanır. Belə ki,  1969-1982-ci illərdə  ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə  vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın   ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli  uğurlar  ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.   Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti  İlham Əliyev belə şərh  edir: « 1969-cu ilə qədər  Azərbaycan haqqında  heç sovet məkanında  o qədər də  çox məlumat  yox idi.  1970-80-ci illərin  əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur.  Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl  respublikalardan   birinə çevrildi.  Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda  olmadığı dövrdə  yavaş-yavaş Azərbaycan  yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə  əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi.  Biz deyəndə ki,  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki  formal olaraq  müstəqillik  1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi.  Azərbaycanın gələcəyi sual altında idi.  Azərbaycan müstəqil ölkə kimi  yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz  qalırdı  və bu təzyiqə davam  gətirə bilmirdi.  Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın  dövlət quruculuğu  məhz 1993-cü ildən  başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra  başlanmışdır və on il ərzində Azərbaycan  yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir  və bu gün Heydər Əliyev siyasəti davam edir.»

Hakimiyyətinin birinci dövründə  Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən C.Naxçıvanski adına hərbi liseyin yaradılması və s kimi biri-birindən əhəmiyyətli addımlar gələcək prioritetlərin açıqlanmasında yardımçı idi. Ümummilli lider  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin  davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərməsinə stimul oldu. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev  sovetlər birliyi dövründə Azərbaycanı  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışı ilə  müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, bu münasibətlə dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərini düzgün dəyərləndirməyə, ulu öndər Heydər Əliyevin müstəqllik tarixinə qızıl hərflərlə yazdığı 1993-cü ildən bu günə inkişaf, tərəqqi yolunu düzgün dəyərləndirməyə əsas verir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqillik Aktı qəbul olundu. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi böhranın  baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da  davamlı hal almışdır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması  erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi.  Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik  tarixinə   qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi  böhrandan xilas oldu. Uğurlu daxili siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.  Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrin görən xalqımızın sabaha ümidləri daha da artdı, Prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər.

Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft  sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni  neft və qaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin  1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu  neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan hər bir dövlətin qarşısında xarici siyasətin düzgün qurulmasını vacib amil kimi önə çəkirdi. Bildirirdi ki, yenicə müstəqillik qazanmış  bir dövlətin özünü təsdiqləməsində, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində  ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması əsas şərtdir. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkilirdi. O də məlumdur ki, azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1991-ci ilin  16 dekabrında qoyulub. O illərdə  Naxçıvan MR Ali Məclisinin Sədri olan Heydər Əliyev  dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu.  Ayrı-ayrı ölkələrdə  Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan  ümummilli liderin təşəbbüsü ilə   2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Artıq vahid mərkəzdən idarə edilmə uğurların davamlılığına yol açdı, soydaşlarımızın yaşadıqları ölkələrdə fəallıqlarını, Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə töhfələrini artırdı. Beş ildən bir ənənəvi keçirilən dünya azərbaycanlılarının qurultayları  yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan diplomatiyasının  səyləri sayəsində erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti pislənilir.  Ulu öndər tarixin saxtalaşdırılmasına sərt mövqeyini hər zaman bəyan edib. Onun ilk görüşünü ziyalılarla keçirməsi də təsadüfi deyildi. Dahi şəxsiyyət həmin görüşündə tarixçilərimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, bunlardan da ən ümdəsi tarixin saxtalaşdırılmasına yol verilməməsi, tarixi araşdırmaların miqyasının genişləndirilməsi, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri inkar etməyə cəhd göstərirlər, onlar daim fakt qarşısında acizdirlər. Təbii ki, təbliğat tarixi faktlara, həqiqətlərə əsaslananda daha inandırıcı, uzunömürlü olur. Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev daim bu sahəni də diqqətdə saxlayır, tarixçilərimizə öz tövsiyələrini çatdırır.

Təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində qeyd etmək mümkün deyil.  Əsas olan budur ki, bu gün Heydər Əliyev yolu davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir.

Ulu öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə cənab İlham Əliyevə inamını özündə əks etdirən xalqa müraciəti bugünkü reallıqlarımızda öz təsdiqini tapır.  Son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Bu illər ərzində keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərində xalqın səsini qazanaraq yenidən qələbəsini təmin edən cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr xalq-iqtidar birliyinin sarsılmazlığının  göstəricisidir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən enerji sektorundan asılılığın minimuma endirilməsinin vacibliyini bildirdi.  Qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi öndə oldu. Bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu  resurslardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları uğurla icra edilməyə başladı. Bu günlərdə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər, ən əsası cənab İlham Əliyevin 11 aprel prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində son 15 ilin uğurlarını özündə əks etdirən çıxışı Azərbaycanın dünəninə baxış, gələcək prioritetlərinin müəyyənləşdirilməsi üçün proqram kimi dəyərləndirilir. Cənab İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Azərbaycanın iqtisadi imkanlarının artması yönümündə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Enerji sektorunda əldə olunan uğurlar  ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında roluna öz müsbət təsirini göstərir. Son 15 ildə çoxlarına əfsanə kimi görünən, «Əsrin müqaviləsi»nin əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, onların ardınca  «Cənub Qaz Dəhlizi», TANAP, TAP kimi layihələrin gündəmə gətirilməsi  və hazırda  reallığa çevrilməsi Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq əzmini, qətiyyətini nümayiş etdirir. Xatırlasaq,  dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirmişdi. Bu gün əldə olunan uğurlar bu vədin konkret əməli işdə təsdiqini tapdığını göstərir.

İqtisadi imkanlarını artıran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu da artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ölkəmizin hər gün, hər həftə ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər malik olduğumuz imkanların təqdimatı olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın siyasi çəkisinin, nüfuzunun göstəricisidir. Azərbaycanın islam həmrəyliyinə, multikultural dəyərlərin inkişafına töhfələri onun  humanitar mərkəzə çevrilməsinə, mədəniyyələr, sivilizasiyalararası dialoqun keçirilməsinə ev sahibliyi etməsinə əsas verir. Məhz bu nöqteyi-nəzərdən yanaşaraq 2016-cı il cənab İlham Əliyevin sərəncamı ilə «Multikulturalizm ili», 2017-ci il isə «İslam Həmrəyliyi ili» elan edilmişdir. Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman ölkəsi olduğunu dünyaya nümayiş etdirməklə bərabər, eyni zamanda, bu tədbirlərin siyasi əhəmiyyətinə də işıq saldı. Azərbaycan bu tədbirlərlə  regionda sabitləşdirici faktor olduğunu, dünyada soz sahibinə çevrildiyini bir daha nümayiş etdirir.

Uğurlarımızın davamlılığı  xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də zəmin yaradır. Diplomatik uğurlarımız göz önündədir. Dünya dövlətlərinin, təşkilatlarının qəbul etdiyi qətnamələrdə ərazi bütövlüyü prinsipi dəstəklənir, Ermənistanın işağlçılıq siyasəti pislənir. Azərbaycanın iqtisadi uğurlarına əsasən güclənən ordumuz işğal altında torpaqlarımızın istənilən an işğaldan azad olunacağına böyük əminlik yaradır. 2016-cı ilin aprel, cari ilin Naxçıvan qələbələri bunun bir daha təsdiqidir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi parad da Azərbaycan Ordusunun gücünü və qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Təbii ki, bu uğurlarımız ölkədə keçirilən seçki prosesində Heydər Əliyev siyasətinin qələbəsini şərtləndirir. Ulu öndərin ən böyük xidmətlərindən biri də bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasıdır. 1992-ci il noyabrın 21-də  təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı  Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın inkişafının davamlılığını təmin etməkdir. Fəaliyyətə başladığı gündən bu günə qədər partiya tutduğu yola sadiq olub, daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səy göstərib. Söz və əməl birliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında stimulverici amildir. YAP-ın ölkədə keçirilən seçki proseslərində böyük uğur qazanması da bu dəstəyin göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,  Yeni Azərbaycan Partiyasının  əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır.

Göründüyü kimi, hansı sahəyə diqqət yetirsək, inkişafın, tərəqqinin şahidi olarıq. Bu inkişaf düzgün siyasətin, təkmil islahatların nəticəsidir. daim yeniləşməyə, təkmilləşməyə önəm verən dövlətimiz ən yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə səy göstərir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan ən mühüm əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 ilə uzadılması idi. Xalqımızın yekdilliklə bu səsvermədə iştirakı ölkəmizin davamlı inkişafına dəstək kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığına xidmət edən  mühüm addım kimi dəyərləndirildi. Daim fəaliyyətində sosial məsələlərin həllinə diqqət yönəldən Mehriban xanım Əliyeva bu qısa dövrdə  Azərbaycanın Birinci vitse-prezideni kimi bu sahədə  mühüm addımları ilə diqqət çəkib.

Azərbaycan uğurları ilə  dünyanın daim diqqətindədir. Möcüzələr, xoşbəxt, islahatçı ölkə kimi nüfuz qazanan Azərbaycanı möhkəm bünövrəyə malik binaya bənzətsək, onun hər bir mərtəbəsi özəlliyi ilə diqqət çəkir. Demokratiya təcrübəsi nümunədir. Vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. İnsan hüquq və azadlıqlarının qorunması, onların yüksək rifahının təmin edilməsi istiqamətində davamlı addımlar atılır.  Ümumiləşdirilmiş ifadə budur ki, 1969-1982-ci illərdə həyata keçirilən uğurlu islahatların 1993-2003-cü illərdə uğurlu davamı nəticəsində qoyulmuş möhkəm təməl, müəyyənləşdirilən inkişaf strategiyası  bugünkü reallıqları mümkün edib.

Əvvəldə də qeyd etdiyimiz kimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Keçilən yolu dövlətimizin başçısı İlham Əliyevin 11 aprel prezident seçkilərindən sonra keçirilən  andiçmə mərasimində söylədiyi bu fikirlərlə ümumiləşdirmək istərdik: «Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar… Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.»

İcmal.Az

RƏYLƏR