Hikmət Şikarov: Azərbaycan polisinə qarşı bu cinayəti törətmiş şəxslər mütləq öz layiqli cəzasını alacaq

OXUNUB: 636 SİYASƏT

«Dünən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə  Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi və iki nəfər polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu hadisə qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş terror hadisəsidir. Bunun isə yalnız bir adı var: dünyanın sabitlik, təhlükəsizlik və əminamanlıq adası olan Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq.»

Bu sözləri «İki sahil» qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib: «Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu hadisələr yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır.»

H.Şikarov vurğulayıb ki, bu gün ölkəmizin yüksək templə inkişafı və sabitliyi bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynuyurlar: «Ancaq hadisələr göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyata keçirmək mümkün deyil. Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycn xalqı dayanır.  Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istiyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi  ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir. Bu gün hər bir vətəndaşımızın başlıca istəyi odur ki, Azərbaycan polisinə qarşı bu cinayəti törətmiş şəxslər mütləq öz layiqli cəzasını alacaq.»

İcmal.Az


RƏYLƏR