"Hunter House" restoranı kimi aldadır: müştəriləri, dövləti, yoxsa...? (FOTOFAKT)

OXUNUB: 7070 Özəl Seçilmiş Önəmli HADİSƏ
Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərə adı Azərbaycanın Qırmızı kitabına daxil edilmiş oxlu kirpi ətindən hazırlanan yeməklər verilməsi ilə bağlı məlumat yaymışdı.

Araşdırmamız nəticəsində məlum oldu ki, həmin restoranlardan biri Sabunçu qəsəbəsində yerləşən "Hunter House" restoranıdır. Adından da göründüyü kimi restoranda müştərilərə ov məhsullarından hazırlanan yeməklər təqdim edilir.
 
"Hunter House"da nəyinki oxlu kirpi əti, eyni zamanda adı Qırmızı kitaba daxil edilən turac, dağ keçisi kimi heyvanların ətindən də yeməklər bişirilir.
 
Bunu restoranın sosial şəbəkə hesabında paylaşdığı postlardan da görmək olar.

Məsələ ilə bağlı "Hunter House"la əlaqə saxladıq. Restorandan həmin menyunun sadəcə müştəriləri cəlb etmək üçün olduğu, əslində isə quzu ətindən başqa heç bir heyvanın ətindən yemək verilmədiyi bildirildi: "Səhifədə çox şey var. Elə-belə reklam üçündür. Ov əti yoxdu. Hazırda ancaq quzu əti, lülə, tikə və basdırma veririk".
 
Əgər "Hunter House" bu postları deyildiyi kimi sadəcə müştəri cəlb etmək üçün səhifəsində paylaşırsa, deməli eyni zamanda yalançı reklamçılıqla, müştəriləri aldatmaqla da məşğuldur.
 
Restoranın administratoru Orxan Məmmədli isə açıqlamasında əvvəllər bu heyvanların ətindən yeməklər verildiyini təsdiqləyib: "Əvvəllər belə yeməklər verirdik. Ovçular gətirirdi. İndi isə belə bir şey yoxdur".
 
Qeyd edək ki, sonuncu dəfə oktyabrın 10-da restoranın səhifəsində turac ətindən kabab verilməsi ilə bağlı post paylaşılıb.
 
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə də əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında hazırda kirpi əti verən restoranı müəyyənləşdirməyə çalışdıqlarını və qanunsuz ov üçün tətbiq ediləcək cərimələrin miqdarını açıqladı:
 
"Biz məlumatı internet resurslarından almışıq və çalışırıq ki, dəqiqləşdirək. Müxtəlif məlumatlar gəlir. Müəyyən etsək, təbii ki, tədbir görüləcək. İstənilən restoran və ya iaşə obyektinin sahibi bilmədiyi heyvanın ətindən yemək bişirib, insanlara satmağa görə məsuliyyət daşıyır. Çünki vəhşi təbiətdə çoxsaylı xəstəlik və epidemiyalar var. Eyni zamanda həmin heyvanı vuran ovçu müəyyənləşsə, təbii ki, ovçu ilə bağlı da qanunsuz ov faktına və təbiətə vurduğu ziyana görə 1000 manatdan 2000 manata qədər cərimə, həmçinin heyvanın növünə görə də ayrıca cərimə tətbiq olunacaq".
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq olunmuş 176 saylı qərarında turac ovuna görə 300 manat, oxlu kirpiyə görə 10 manat, bezoar keçisinə görə (dağ keçisinin bir növü) 500 manat cərimə nəzərdə tutulub.
 
Ümid edirik ki, aidiyatı qurumlar flora və faunamızın qorunması naminə müvafiq tədbirlər görəcəklər.
 








RƏYLƏR